“Neftçi” “Slaviya” ilə qarşılaşacaq
13.06.2013 - 16:41
“Neftçi” “Slaviya” ilə qarşılaşacaq
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” hazırlıqlara iyunun 19-dan etibarən başlayacaq. Apasport.az saytının məlumatına görə, ölkə çempionu klubun bazasında bir araya gələn yerli futbolçularla birgə həmin gün Avstriyanın Tirol federal torpaqlarına yollanacaq.

Legionerlər məhz birbaşa Avstriyada komandaya qoşulacaq. Beləcə komanda Kirxdorf qəsəbəsində hazırlıqlara başlayacaq. Təxminən 2 həftəlik toplanış müddətində 6 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Artıq “Neftçi”nin sınaqçı rəqiblərindən birinin adına aydınlıq gəlib. Bu, Çexiya çempionatını 7-ci yerdə başa vuran “Slaviya”dır. Praqa təmsilçisi ilə görüş iyunun 24-də Zell-am-Zedə baş tutacaq. Bunu “Slaviya”nın saytı da təsdiqləyib.

Qeyd edək ki, Avstriyanın Tsell-am-Ze qəsəbəsi millimizə yaxşı tanışdır. 2010-cu ilin iyunun 2-də Berti Foqtsun yetirmələri CAR-dakı dünya çempionatına vəsiqə qazanmış Hondurasla məhz həmin yerdə qolsuz bərabərə qalmışdı.