Brüs Abdulaye “İnter”ə “atıb”
14.06.2013 - 13:46
Brüs Abdulaye “İnter”ə “atıb”
“İnter” fransalı legioneri Brüs Abdulayeni heyətə qaytara bilmir. Apasport.az saytının məlumatına görə, bank təmsilçisinin ötən yay transfer etdiyi 31 yaşlı mərkəz müdafiəçisi hazırlığın ilk mərhələsinə qatılmayıb.

Belə ki, futbolçu şəxsi problemlərini əsas gətirərək “İnter”in Kartəpə bölgəsindəki 9 günlük təlim-məşq toplanışına qoşulmayıb. Hərçənd, komanda Brüsü növbəti mövsümdə də sərəncamında görmək istəyir və ona böyük ehtiyacı var. Hər halda, “İnter” mövsüm bitəndən sonra birdən-birə 3 müdafiəçi – millimizin üzvü Vladimir Levin, gürcüstanlılar Valeri Abramidze və İlya Kandelaki ilə yollarını ayırıb. Nəticədə arxa xətdə böyük boşluqları yaranan Avropa Liqasında təmsilçimiz demək olar mərkəz müdafiəçisiz qalıb.

İndi “İnter” Abdulayenin yolunu Avstriyada gözləyir. Belə ki, komanda bu gün Zaltsburqa təlim-məşq toplanışına yollanaraq, qitə miqyaslı turnirə son hazırlığını keçirəcək. Ancaq bu gedişlə Brüs “İnter”ə dönməyəcək. Karyerasını başqa klubda davam etdirmək haqda düşünən futbolçu paytaxt təmsilçisi ilə ötən il “1+1” şərti ilə müqavilə imzalayıb. Buna əsasən tərəflər 1 il bitəndən sonra danışıqlar masası arxasına əyləşib, gələcək əməkdaşlığı müzakirə etməlidir.