“Xəzər Lənkəran” niyə “yatıb”?
14.06.2013 - 17:00
“Xəzər Lənkəran” niyə “yatıb”?
“Bildiyiniz kimi, komandamız indiyədək heyətinə 4 yeni futbolçu qatıb. Azarkeşlərimiz heç narahat olmasınlar. Onları yaxın günlərdə yeni transferlərlə sevindirəcəyik”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Yeni mövsümün hazırlıqlarına başlamamış əvvəlcə daxili bazardan tanıdığı futbolçularla anlaşan cənub təmsilçisi AZAL və “Simurq”da çıxış etmiş Junior Nildo, Zohair Benouahi və Rasim Ramaldanovu heyətə qatdı. Daha sonra baş məşqçi Con Toşakın sabiq yetirməsi, Makedoniya yığmasının dayaq yarımmüdafiəçisi Nikola Qliqorovun transferi həyata keçirildi.

Ancaq bundan sonra klub transfer fəaliyyətində bir qədər sakitləşdi. İyulun 5-dək komandanın heyətini gücləndirməsi üçün bir qədər tələsməsi lazımdır. Ancaq Cəbrayıloğlu narahatçılığa heç bir əsas görmür: “Həm baş məşqçi, həm də klub rəhbərliyi tələsmək istəmir. Avroliqa oyunları baslayana qədər heyət daha da güclənəcək. Məqsədimiz klub tarixində ilkə imza atmaqdir”.

Klub rəsmisi bildirib ki, onlara təklif olunan futbolçularla kifayətlənmək istəmirlər: “Çünki əvvəlki illər tələsik şəkildə edilmiş belə transferlərin acı fəsadlarını görmüşük. Ona görə də bu dəfə işimizi daha ehtiyatla qururuq. Deyə bilərəm ki, bizə hücumçu, dayaq yarımmüdafiəçisi və cinah müdafiəçisi lazımdır. Hazırda həmin mövqelər üzrə futbolçularla danışıqlar gedir. İnşallah, tezliklə həmin transferlərin adları açıqlanacaq”.

Səbuhi TOFİQOĞLU