Konfederasiyalar Kuboku: Braziliya finalda! - YENİLƏNİB
27.06.2013 - 00:55
Konfederasiyalar Kuboku: Braziliya finalda! - YENİLƏNİB
Braziliyada keçirilən Konfederasiyalar Kubokunda yarımfinal oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə reallaşan yarışın 8-ci günündə azarkeşlər yalnız bir matça şahidlik edib.

3 oyundan 9 xal toplayıb, A qrupunun qalibi olan Braziliya milli komandası B qrupunun 2-cisi Uruqvay yığması ilə münasibətlərinə aydınlıq gətirib.

Görüşdə “sambaçılar” əzmkar qələbə qazanıb – 2:1.

Matça hər iki komanda hücumlarla başlayıb. 41-ci dəqiqədə hesabı açan Fred komandasını fasiləyə öndə yollandırıb. Lakin ikinci hissəyə Cənubi Amerika çempionları daha yaxşı start verib. Bunun məntiqi cavabı olaraq Edinson Kavanı 48-ci dəqiqədə hesabı bərabərləşdirib. 86-cı dəqiqədə isə ikinci yarıda meydana daxil olan Paulino Braziliyanı finala çıxaran qola imza atıb.

Uruqvay isə 3-cü yer uğrunda mübarizə aparacaq. Onun rəqibi İspaniya – İtaliya cütünün məğlub olan komandası olacaq.

Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.


Konfederasiyalar Kuboku
26 iyun
Yarımfinal oyunu

Braziliya – Uruqvay - 2:1
QOLLAR: Fred, 41, Paulino, 86 - Kavani, 48

Braziliya: Julio Sezar, Dani Alves, Tiaqo Silva, David Luis, Marselo, Fred, Neymar, Oskar, Luis Qustavo, Paulino, Halk

Uruqvay: Muslera, Pereyra, Luqano, Qodin, Kaseres, Arevalo, Qonsales, Rodriqes, Forlan, Kavani, Suares