“İnter” üçün “uğursuz” hakim “Qarabağ”ın oyununda - FOTO
27.06.2013 - 10:19
“İnter” üçün “uğursuz” hakim “Qarabağ”ın oyununda - FOTO
“Qarabağ”ın Avroliqanın ilk təsnifat mərhələsində “Metallurq”la Skopyedə keçirəcəyi oyunun baş hakimi bizə tanışdır. Apasport.az saytının məlumatına görə, 41 yaşlı Lars Kristoffersen 2003-cü ildən hakimliyə başlayıb.

2005-ci ildə Danimarka Superliqasında debüt edən Kristoffersen 3 il sonra FİFA referisi statusunu əldə edib. Hazırda UEFA-nın 2-ci kateqoriyalı hakimi olan Larsın beynəlxalq miqyasda debüt matçı 2008-ci ilin mayında U-19-lar arasında keçirilən elit mərhələ oyunları zamanı baş tutub. Həmin turnirdə 2 oyunda fit sahibi olan referi “siftə”ni İngiltərə - Polşa matçı ilə edib.

Maraqlıdır ki, hakimin son idarə etdiyi beynəlxalq görüş ötən ilin iyulun 26-na təsadüf edir. Həmin gün o, Yunanıstanın Tripoli şəhərində “Asteras” – “İnter” matçında ədalət təmsilçisi olub. 1:1 hesabı ilə başa çatan və penaltilər seriyasında meydan sahiblərinin 4:2 qalib gəldiyi matçda Kristoffersen 20-ci dəqiqədə Nizami Hacıyevə, 81-ci dəqiqədə isə Asif Məmmədova sarı vərəqə göstərmişdi. Rəqibdən isə 2 oyunçu bu rəngdə olan vərəqə ilə “mükafatlandırılmışdı”.

Qeyd edək ki, “Metallurq” – “Qarabağ” oyunu iyulun 2-də baş tutacaq. Lars Kristoffersen fitini Bakı vaxtı ilə saat 20:45-dən etibarən səsləndirəcək.