Rail Məlikov: “Dənizlispor”un Konqresində mənim kapitan olacağım deyilib
27.06.2013 - 11:53
Rail Məlikov: “Dənizlispor”un Konqresində mənim kapitan olacağım deyilib
“Dənizlispor”la son danışığıma əsasən Arif İsayevlə birgə iyulun 5-də mövsümə hazırlığa başladıqları zamanı düşərgədə olacağıq. Klubuma biri Superliqadan, ikisi Türkiyə I liqasından olmaqla transferimlə bağlı müraciət olsa da, məni buraxmadılar”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Dənizlispor”un futbolçusu Rail Məlikov deyib. Türkiyə I divizion təmsilçisi ilə “1+1” şərti ilə müqavilə imzalayan 28 yaşlı müdafiəçi anlaşmaya əsasən karyerasını orada davam etdirəcək.

Özü də millimizin sabiq üzvü Dənizli təmsilçisinə çox lazım olduğundan, onun statusunu da artırmaq fikrindədir. Hər halda, Məlikovun sözlərinə görə, onu növbəti mövsümdə kapitan kimi görmək istəyirlər: “Dənizlispor”da ötən mövsümdə heyətdən az futbolçu qalıb. Əvvəlki futbolçularını saxlamaqda maraqlıdırlar. Mənə kapitan kimi görmək fikrindədirlər. Bu, onların təşəbbüsüdür. Klubda prezident seçkilərinin keçirildiyi Konqresdə yeni mövsümdə Railin kapitan olacağı deyilib. Yəqin ki, ötən mövsüm komandanın kapitanı olan Uğur Açar gedib deyə sarğını mənə vermək istəyirlər”.

Məlikovun ötən yay “Dənizlispor”a keçənə kimi “Neftçi”də uzun müddət kapitan olduğundan, bu sahədə təcrübəsi böyükdür: “Düzdür, məndə kapitanlıq təcrübəsi var və “Dənizlispor”da da bunu bilirlər. Sadəcə, fərq yerli klubda yox, ölkədən kənarda çıxış edən zamanı sarğını daşımaqdadır. Türkiyədə kapitanlıq Azərbaycandakından fərqlənir, başqa cürdür. Orada tələb daha böyükdür. Açığı, “Dənizlispor”da kapitan olmaq istəmirəm. Ancaq mən təyin olunsam, bu məsuliyyəti üzərimə götürməli olacağam”.

Qeyd edək ki, Məlikov Dənizli təmsilçisində özünü göstərəndən sonra qışda millimizin yarımmüdafiəçisi Arif İsayev transfer olundu.

Mehman SÜLEYMANOV