“İnter”in Finlandiya təcrübəsi: İlk qol və ilk qələbə
27.06.2013 - 12:30
 “İnter”in Finlandiya təcrübəsi: İlk qol və ilk qələbə
“İnter” Avropa Liqasının I təsnifat mərhələsində rəqib olduğu Finlandiyanın təmsilçisi ilə tarixində 1 dəfə görüşüb. Apasport.az saytının məlumatına görə, bakılılar 2009-cu ildə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda çıxış etdikləri zamanı bu ölkədən olan adaşı ilə qrupda üzləşib.

Bu, II turda olub və maraqlıdır ki, adaşlar yarışda debüt edirdilər. 2009-cu ilin yanvarın 18-də Moskvada keçirilən həmin oyun Bakı klubunun turnirdə ilk qələbəsi kimi tarixə düşüb. Belə ki, ukraynalı Valentin Xodukinin yetirmələri Turku təmsilçisinə 3:1 hesabı ilə qalib gəlib.

Bakılılar latviyalı yarımmüdafiəçisi Andrey Rubin (24-cü dəqiqə) və hücumçusu Xaqani Məmmədovun (32-ci dəqiqə) vurduğu qollarla fasiləyə 2:0 hesablı qələbəylə yollanıb. Turku təmsilçisi 48-ci dəqiqədə hesab arasındakı fərqi azaltsa da, uruqvaylı hücumçu Valter Quqlemon 75-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə, qələbəmizi rəsmiləşdirib.

“İnter”in qrupda ilk oyunda Qırğızıstanın “Dordoy-Dinamo” klubu ilə 0:0 hesablı bərabərliyə qaldığını nəzərə alsaq, ilk qolunu də məhz finlərə vurub. Bu, eyni zamanda “İnter”in beynəlxalq miqyasda ilk qələbəsi olub. Düzdü, “bankirlər” 2008-ci ildə Çempionlar Liqasının I təsnifat mərhələsində Makedoniyanın “Rabotniçki” klubunu keçsə də, bu, rəqib meydanında vurulan qol (evdə 0:0, səfərdə 1:1) sayəsində gerçəkləşib.

Qeyd edək ki, bakılıların Avroliqada rəqibi olan “Mariehamn” ölkə çempionatının son turunda səfərdə məhz “İnter”ə 2:0 hesabı ilə qalib gəlib.