Con Toşak: Onlar Azərbaycanda oynasaydılar...
27.06.2013 - 15:36
Con Toşak: Onlar Azərbaycanda oynasaydılar...
Almaniyada təlim-məşq toplantısını davam etdirən “Xəzər Lənkəran” daha bir futbolçu ilə güclənə bilər. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” Avropa Liqasının I təsnifat mərhələsinin “Slima” ilə iyulun 11-də Lənkəranda baş tutacaq görüşünədək bu problemi həll etməyə çalışır.

Cənub təmsilçisinin heyətində cəmi bir hücumçu var ki, bu da yeni transfer Junior Nildodur. Amma qarşıya avrokuboklarda maksimum irəliləmək məqsədi qoyan baş məşqçi Con Toşak tək AZAL-dan alınan braziliyalı legionerlə kifayətlənmək fikrində deyil. Bu yöndə çalışmalarını davam etdirən “ağ-yaşıllar” ən azından Nildo kimi səviyyəli futbolçunun alınmasını istəyir.

Bəs görəsən, uelsli mütəxəssis “Xəzər Lənləran”a necə hücumçu gətirərdi?

Əməkdaşımızın “İndiyədək rəhbərliyiniz etdiyiniz komandalarda forma geyinmiş hücumçulardan hansını “Xəzər Lənkəran”da görmək istərdiniz” sualına belə cavab verib: “Bir az çətin sualdır. Yalnız bir nəfərin adını çəkə bilmərəm. Rəhbərliyim altında çoxlu məşhur futbolçular oynayıb. Məsələn, Bebeto, Rivaldo, Raul, Uqo Sançes. Onlar Azərbaycanda oynasaydılar, mövsüm ərzində ən azından 30 qol vurardılar. Belə hücumçulardan dünyanın heç bir komandası imtina etməzdi”.