“Rəvan”ın yeni transferi: Özümü sübut etmək istəyirəm
27.06.2013 - 16:23
“Rəvan”ın yeni transferi: Özümü sübut etmək istəyirəm
Növbəti mövsümə hazırlığını davam etdirən "Rəvan” 5-ci keçidini rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, buna qədər Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov və Bəxtiyar Soltanovu heyətə qatan bakılıların növbəti transfer Novruz Məmmədov oldu. Gənclər yığmamızın müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

4 il "Muğan”ın şərəfini qorumuş Novruzun son klubu "Bakı” olub. Yığmada 12 oyun keçirən Məmmədov ötən mövsüm klubunda daha çox ehtiyatda qalıb.

Məmmədov “Rəvan”ın rəsmi saytına açıqlamasında daha çox oyun praktikası əldə etmək fikrində olduğundan bu təklifin yerinə düşdüyünü bildirib: "Daha çox oynamaq, özümü sübut etmək istəyirdim. Amma son mövsümdə "Bakı”da bu baxımdan işlər istədiyim kimi getmədi. Bu səbəbdən mənə doğma olan komandaya qayıtmaq variantı yarananda düşünmədən razılaşdım. Burada həm rəhbərliyi, həm məşqçiləri, həm də texniki personalı yaxşı tanıyıram. Necə də olmasa, 4 il bu şəxslərlə birgə çalışmışıq. Oyunumla komandaya bacardığımın ən yaxşısını verməyə çalışacam. Mənə göstərdikləri etimada görə onlara olan borcumu meydanda qaytaracam”.