Con Toşak: İstədiyim futbolçuları gətirmək çətindi - MÜSAHİBƏ
29.06.2013 - 00:31
Con Toşak: İstədiyim futbolçuları gətirmək çətindi  - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Almaniya Regionalliqasında mübarizə aparan “İnqolştad 04”lə yoldaşlıq görüşündən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- 6:1 hesablı qələbə qazandığınız görüş barədə nə deyə bilərsiniz?
- Bu, keçdiyimiz məşqlərdən sonra ilk görüşümüz idi. Birinci qarşılaşma həmişə çətin olur. Rəqib sərt oyuna üstünlük verirdi. İlk dəqiqələrdən hətta bizə çətinlik yaratdılar, yüksək ritmlə mübarizə aparırdılar. Amma biz ilk 2 qolu vaxtında vurduq. Bundan sonra futbolçularda özünəinam artdı. Ardından komanda oyununu düzəltməyə başladı. Yeni transferlərimizə gəlincə, onlar özlərini yaxşı mənada göstərə bildilər.

- Komandanın çıxışı xoşunuza gəldimi?
- Bilirsiz, bizim üçün Avropa Liqasına bir az erkən başlamaq çətindi. Bizim üçün Azərbaycanda mövsüm mayın 28-də başa çatıb. Bu səbəbdən hazırlaşmaq üçün bizə kifayət qədər vaxt lazımdı. Futbolçuların istirahətə ehtiyacları var. Düzdür, onlara 3 həftəlik istirahət verdim. Bu, bizim ilk matçımızdır və yeni futbolçuların bir-birilərini başa düşməsi lazımdı. Ötən mövsüm komandanın hücum xəttində problemlər var idi. Yaxşı ki, heyətə yeni forvardlar cəlb edildi və onlar da komandanın səviyyəsini artırır.

- “Xəzər Lənkəran” “Slima” ilə qarşılaşmayadək neçə faiz hazır ola biləcək?
- Bilmirəm. Bəlkə də Malta təmsilçisi bizimlə oyuna hələ hazır deyil. 2-3 gün əvvəl yoxlama matçı keçiriblər. Məncə, onlar da bizim kimi eyni vəziyyətdədirlər.

- Ola bilərmi ki, komandanız “Slima” ilə matça bu günkü start heyəti ilə çıxsın?
- Yox. Start heyətini indidən demək mənim üçün çətindi. Amma hələ necə olacağını bilmirəm. Bildiyimə görə, “Slima” ilə səfərdəki oyun süni örtüklü meydançada keçəcək. Bu amil də oyuna öz təsirini göstərəcək.

- “Slima”nı keçəcəyiniz təqdirdə II təsnifat mərhələsində “Makkabi” ilə qarşılaşacaqsınız...
- “Slima” uzun müddət avrokuboklarda çıxış edib və qitədə kifayət qədər məşhurdur. Malta deyəndə əvvəlcə “Slima” tanınır. “Makkabi” də ciddi rəqibdi. Amma addım-addım irəliləmək lazımdır. Qabaqcadan heç nə demək olmaz. Mövsüm başlayana qədər 1-2 oyunçuya ehtiyacımız var.

- Hansı mövqeyə?
- Komandaya hücumameylli oyunçular lazımdı. Ağabala Ramazanov iyulun əvvəlinədək sərəncamımızda olacaq. 1-2 futbolçu ilə heyəti qurmaq olar.

- Avrokuboklar Lənkəran azarkeşləri üçün önəmlidir...
- Mən həmişə demişəm ki, fanatları sevindirmək lazımdır.

- Britaniyadan komandaya futbolçu gətirmək olarmı?
- Bu, bir az çətindir. İstədiyim səviyyəli oyunçular Azərbaycana gəlməyə çox tərəddüd edirlər. Amma mən ölkənizə gələndə yaxşı mənada təəccübləndim. Həm maddi baxımdan, həm də komandaların imkanlarına görə. İstədiyim oyunçuları gətirmək çətindir. Çünki onları bunu qəbul etmirlər. Gələcəkdə bu məsələyə işləyə-işləyə baxarıq.

- Komanda sabah Maltaya yollanır. Orda yoxlama oyunu keçirmək fikriniz varmı?
- Hələ bu haqda danışmaq çətindir. Çünki “Slima” ilə çərşənbə axşamı oyunumuz var. Bundan sonrasına baxarıq.