Baxışa gələnlərə “Rəvan”ın oyun fəlsəfəsi aşılanır
29.06.2013 - 15:30
Baxışa gələnlərə “Rəvan”ın oyun fəlsəfəsi aşılanır
"Rəvan” yeni "futbol ili”nə hazırlığını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına əsasən xəbər verir ki, komanda sabah AZAL ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacağından bugünkü məşq yüngül xarakterli olub.

Buna həm də komandanın dünən fiziki cəhətdən tam yüklənməsi də təsir edib. Çünki axşam məşqində futbolçular trenajor-zalda hazırlaşıb. Üstəlik, dünənki səhər çalışmasında ikitərəfli oyuna da vaxt ayrılmışdı.

Yeri gəlmişkən, şərti olaraq, "qırmızılar” və "yaşıllar”ın mübarizə apardığı ikitərəfli oyunda birincilərin 1:0 hesabı ilə qalib gəlib və yeganə qolu yeni transfer Ceyhun Cavadov başla vurub.

Bugünkü məşqə gəlincə, təxminən saatyarım davam edən hazırlıq toplu çalışmalar üzərində olub. Baş məşqçi yeni transferlərə və düşərgəyə baxışa gələn futbolçulara komandanın oyun fəlsəfəsini aşılamağa çalışıb. "Kvadratlar”, təktoxunuşlu ötürmələr, qapıya zərbələr və s. kimi komponentlərin yer aldığı hazırlıqda futbolçuların yüksək ab-havada olduğu sezilib.