“Ola bilsin ki, “Xəzər Lənkəran”ın daxilində iş gedir”
29.06.2013 - 17:19
“Ola bilsin ki, “Xəzər Lənkəran”ın daxilində iş gedir”
“Klublarımız hazırda infrastruktur və idman baxımından bir çox komandalardan üstündür. İnanıram ki, 4 klubumuz da bu mövsüm Azərbaycanın adını Avropada layiqincə təmsil edəcək”. Bunu apasport.az saytına müsahibəsində milli komandamızın məşqçisi Nazim Süleymanov deyib.

Hazırda iyulun 2-dən hərbçilər arasında Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan komandamıza rəhbərlik edən Nazim Süleymanovun fikrincə, bu mövsüm klublarımızdan çox şey gözləmək olar. Onun sözlərinə görə, klublarımız ilk mərhələni keçməyə borcludur.

Süleymanovu dinləyək: “Mərhələ keçməyi sözdə yox, əməldə etməyə borcluyuq. Biz Lüksemburq yığmasına qalib gələ bilməsək də, yaxşı oyun göstərdik. İnanıram ki, klublarımız da daha yaxşı futbol nümayiş etdirəcək. Əminəm ki, onlar ilk mərhələni keçəcək”.

“Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı olmuş Süleymanov keçmiş komandasının şansları haqqında da danışıb: “Bəlkə də “Xəzər Lənkəran”a UEFA tərəfindən oyun vaxtının öncəyə çəkilməsi öz sözünü deyə bilər. Kənardan belə fikirləşə bilərik. Ancaq ola bilsin ki, komandanın daxilində iş gedir və buna hazırdırlar. İnanıram ki, onlar birinci mərhələni keçəcək. Düzdür, növbəti mərhələ bir az çətin olacaq. Ancaq ötən il Avroliqanın qrupunda oynamışıqsa, bu il də 1 və ya 2 komandamız orda çıxış edə bilər”.

Səbuhi TOFİQOĞLU