Marin Orsuliç: Cütün favoriti “Xəzər Lənkəran”dı - MÜSAHİBƏ
29.06.2013 - 23:07
Marin Orsuliç: Cütün favoriti “Xəzər Lənkəran”dı - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun xorvatiyalı legioneri Marin Orsuliçin apasport.az saytına müsahibəsi

- Komandanız Almaniyada hazırlıqları başa vurdu. Avropa Liqasının I təsnifat mərhələsində rəqib olan “Slima” ilə oyun üçün Maltaya yollanırsınız. Səfər matçından nə gözləyirsiniz?
- Təbii ki, qələbə. Bütün komanda səfərə yaxşı nəticə qazanmaq iddiası ilə çıxır. İnanıram ki, istədiyimiz nəticəni qazanacağıq. Hər halda, cütün favoriti bizik.

- “Slima” üzərində hansı hesabla qələbə qazanacağını düşünürsünüz?
- Hesabın necə olacağını deyə bilmərəm. Ancaq onu söyləyə bilərəm ki, məqsədimiz yalnız qələbə qazanmaqdır.

- “Xəzər Lənkəran”ı Malta təmsilçisi ilə oyuna hazır sayırsınız?
- Fikrimcə, Almaniyada yaxşı hazırlıq keçdik. Hazır olmasaydıq, qələbə barədə danışmazdım.

- Necə fikirləşirsiniz, “Slima” ilə görüşdə start heyətində yer ala biləcəksiniz?
- Bu haqda nəsə deməyim düzgün çıxmaz. Çünki start heyətini baş məşqçi Con Toşakdan başqa heç kim bilmir.

- Ümumiyyətlə, Toşak rəqib haqda sizə hansısa məlumat veribmi?
- Təbii ki. Məşqçi bizə rəqibi ciddi qəbul eləməyimizi tapşırıb. Mərhələ keçəcəyimizə inanırıq. Çünki yaxşı heyətimiz var. Bununla belə, “Slima”ya hörmətlə yanaşırıq.

- Heyətdən söz düşmüşkən, yeni transferlər barədə nə deyə bilərsiz?
- Onların hər biri yaxşı futbolçudur. Rasim Ramaldanov, Nikola Qligorov, Zohair Benouahi və Junior Nildo səviyyəli futbolçulardır. Hər biri komandamızın gücünə güc qatacaq.