Con Toşak üçün Malta çempionu
30.06.2013 - 23:00
Con Toşak üçün Malta çempionu
“Xəzər Lənkəran” sabah Avroliqanın I təsnifat mərhələsində “Slima” ilə qarşılaşdıqdan sonra Maltanı tərk etməyəcək. Cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına verdiyi məlumata görə, komanda ölkəyə iyulun 7-də qayıdacaq.

Buna səbəb isə “ağ-yaşıllar”ın Maltada yoxlama oyunu keçirmək istəyidir.

Belə ki, baş məşqçi Con Toşak hazırlıq üçün əla təbiəti olan Maltanın yerli klublarından biri ilə oynamaq niyyətindədir. Bunun üçün rəqib “Birkirkara” seçilib.

Ancaq Malta çempionunun prezidenti Cozef Zammitin razılığı alınsa da, bu oyuna Birkirkara təmsilçisinin baş məşqçisi Pol Zammitin də “hə” deməsi lazımdır. Əgər 43 yaşlı Zammitin razılığı alınsa, o zaman iyulun 7-də “Xəzər Lənkəran” “Birkirkara” ilə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, UEFA “Slima” – “Xəzər Lənkəran” oyununu iyulun 4-dən 2-nə çəkdiyi üçün cənublular Almaniyada olduğu müddətdə cəmi 1 yoxlama matçı keçirib. “Ağ-yaşıllar” həmin görüşdə “İnqolştadt 04”ün U-23 komandasını 6:1 hesabı ilə darmadağın ediblər.