Rəşad Sadıqov: Skopyeyə istədiyimiz kimi getmirik - MÜSAHİBƏ
01.07.2013 - 14:23
Rəşad Sadıqov: Skopyeyə istədiyimiz kimi getmirik - MÜSAHİBƏ
“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- “Qarabağ”ın Skopyeyə yola düşməsində problem yarandığı deyilir. Problem nə ilə bağlıdır?
- Əvvəlcədən hazırladığımız proqrama uyğun olaraq Makedoniyaya iyulun 2-də yola düşməli idik. Düşünürdük ki, oyundan iki gün əvvəl Skopyedə olsaq kifayətdir. Sonradan UEFA oyunun vaxtını 2 gün əvvələ çəkdi. İstanbul-Skopye reysinə bizə lazım olan qədər bilet əldə etməkdə müəyyən problemlər yaranmışdı. Artıq məsələ həllini tapıb. Bu gün səfərə çıxacağıq.

- Oyunun 2 gün əvvələ keçirilməsi psixoloji baxımdan hansısa təsir göstərdimi?
- Psixoloji deməzdim. Hazırlıq proqramına təsir göstərdi. Qaça-qaç oldu. Yoldaşlıq oyunundan sonra bu matça hazırlaşmaq üçün vaxtımız az oldu. Halbuki biz proqramı əvvəlcədən tutmuşduq. Dəyişiklikdən sonra tez gedirik, Skopyeyə istədiyimiz kimi yox. Müəyyən narahatçılıqlar oldu.

- Komanda sabahkı oyuna hazırdırmı?
- Təlim-məşq toplanışı çərçivəsində oyuna tam hazır olmağa çalışmışıq. Planlarda müəyyən dəyişikliklər edildi. Nə dərəcədə hazır olduğumuzu oyun göstərəcək.

- Heyətlə bağlı necə, hansısa problem varmı? Cəzalı və ya zədəli olduğuna görə oyunu buraxmalı olan futbolçu varmı?
- Maksim Medvedevin mikro zədəsi var. Ola bilsin o, oyunu buraxsın. Digər futbolçular meydana çıxacaq durumdadırlar.

- “Metallurq”la bağlı hansı məlumata sahibsiniz? Rəqibin son oyunlarından hansınısa izləmisinizmi?
- İki-üç oyununu izləmişik. Rəqib yaxşı təsir bağışlayır. Yaxşı müdafiə olunmağı bacaran, müdafiə olunan zaman isə pressinq tətbiq edə və əks-hücumları təhlükəli olan komandadır. Standart vəziyyətlər zamanı da çox təhlükəlidirlər. “Metallurq”un heyətində təhlükəli oyunçular çoxdur.

- İki il əvvəl bu rəqiblə qarşılaşmış, onları mübarizədən kənarlaşdırmışdınız. Buna görə, azarkeşlər sizdən yenə mərhələ adlamağı tələbə edir. Şansları necə dəyərləndirisiniz?
- Şanslar bərabərdir. Futboldur, rəqibimizdən nə güclü deyilik, nə də zəif.

- Mövsümlərarası fasilədə heyətə cəlb edilən futbolçular necə, komandaya tam uyğunlaşa biliblərmi? Onlar rəsmi oyunlarda lazımi qədər kömək edə biləcək gücdədirlər?
- “Qarabağ”a xeyir verəcəklərini düşünürəm. Amma bunun üçün müəyyən qədər vaxt lazımdır. Çünki hazırlığa gec qoşuldular. Tədricən tam uyğunlaşacaqlar.