Srcan Zahariyevski: “Qarabağ” reytinqdə bizdən üstün olsa da...
01.07.2013 - 16:08
Srcan Zahariyevski: “Qarabağ” reytinqdə bizdən üstün olsa da...
“3 il əvvəl “Qarabağ”la Bakıda qarşılaşanda 10-a yaxın qol imkanımızdan yalnız birini qola çevirə bildik. Rəqib isə 3 imkan yaradıb 4 qol vurdu. Lakin həmin oyun bizə dərs oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniyanın “Metallurq” (Skopye) klubunun baş məşqçisi Srcan Zahariyevski deyib.

Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan makedoniyalıların çalışdırıcısı sabahkı oyun ərəfəsində matç haqda danışıb. 3 il əvvəl təmsilçimizlə matçlarda futbolçu kimi çıxış edən mütəxəssis bu dəfə nikbindir: “Bu dəfə elə olmayacaq, daha sərt mübarizə yaşanacaq. Düşünürəm ki, layiqli mübarizə aparmaq və mərhələ keçmək şanslarımız var. Mənim komandanın “sükanı arxasına” keçdiyim son 6 ayda hücumda oyun üslubunun quruluşu dəyişib. Mövsümün yaz hissəsində olduğu kimi sabahkı qarşılaşmada da qollar vuracağıq. “Qarabağ” UEFA reytinqində də, yer aldığı səbətə görə də bizdƏn üstündür. Lakin bizim də şansımız yox deyil. Futbolçularımın yaxşı keyfiyyətlərinə güvənirəm və Avropada yolumuza davam edəcəyimizi gözləyirəm”.