Ronaldo: Braziliya İspaniyaya futbol dərsi verdi
01.07.2013 - 22:14
Ronaldo: Braziliya İspaniyaya futbol dərsi verdi
“Braziliya İspaniyaya futbol dərsi verdi. Komanda əsl tamaşa göstərdi. Onlar topu götürüb, lazım olan vaxtda hücum etdilər. Neymar bütün fərqi qabaqcadan müəyyən etdi. Fredə gəlincə, o bizim yığma komandanın “9 nömrə”sini yenidən geri qaytardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya millisinin sabiq hücumçusu Ronaldo deyib.

Veteran futbolçu Konfederasiyalar Kubokunun finalında yığma komandalarının İspaniyanı 3:0 hesabı ilə məğlub edib, turnirin qalib olmalarını dəyərləndirib: “Belə matçı çoxdan gözləyirdik və bu, fantastik oyun oldu. İspaniya hazırkı dünya çempionudur. Komandada İnyesta və Xavi kimi böyük oyunçular mövcuddur. Onlar matçda bütün fərqi həll edirlər. Həmçinin Braziliya turnirdə güclü mübarizə apardı. Neymar və Fred əla oynayırdı. Millinin arxasında 200 milyon azarkeş dururdu. Bu qarşılaşma uzun müddət yaddaşlarda qalacaq”.

Qeyd edək ki, Ronaldo 1994 - 2011-ci illər arasında Braziliya millisinin formasını geyinib. O, yığmasının heyətində 2 dəfə - 1994 və 2002-ci illərdə dünya çempionu olub. 1998-ci ildə isə gümüş medal qazanıb. Həmçinin Ronaldo 1997-ci ildə Səudiyyə Ərəbistanında keçirilən Konfederasiyalar Kubokunun da qalibi adını qazanıb.