“Ernest Nfor bizim kluba transfer olmağa tərəddüd edir”
02.07.2013 - 09:22
“Ernest Nfor bizim kluba transfer olmağa tərəddüd edir”
“Ernest Nfor bizim kluba keçməyə tərəddüd edir. O bizə söylədi ki, Bakıda, Azərbaycanda 4 gün baxışdan keçəcək. Biz onun hazırkı niyyətini bilmək istəyirik, görək o bizə keçmək istəyir, yoxsa yox”. Apasport.az saytının məlumatına görə, bunu Belçikanın “Mons” klubunun baş direktoru Alayn Lommers deyib.

Sən demə, yaxın günlərə kimi “Neftçi”nin Avstriyadakı düşərgəsində baxışda olmuş kamerunlu Nfor Belçikanın elita klublarından olan “Mons”dan da təklif alıb. Belə ki, məşhur Entso Şifonun çalışdırdığı komanda hazırda 27 yaşlı hücumçudan cavab gözləyir.

Lommersin sözlərinə görə, futbolçudan cavab gəlməsə, başqa variantlar haqqında düşünəcəklər: “Biz istəyirdik ki, onun fikrini bilək. Ancaq o xaricdən gələn təklifə baxmağı üstün tutub baxışa yollandı. Əgər bu transfer baş tutmasa üzülməyəcəyik və başqa oyunçunu onun yerinə almağa çalışacağıq”.

Qeyd edək ki, Ernest Nfor 2014-cü ilin yayına kimi Belçikanın “Kortreyk” klubuna məxsusdur.