İdman jurnalistlərinin günü
02.07.2013 - 14:27
 İdman jurnalistlərinin günü
2 iyula 2 əlamətdar gün təsadüf edir. Biri Beynəlxalq İdman Jurnalistləri, digəri Azərbaycan Polisi günüdür. Biri mənə, digəri böyük qardaşıma aiddir. Amma hər dəfə o məni yox, mən onu təbrik edirəm. Təkcə böyük qardaşım olduğu üçün yox. Hələ Polis Akademiyasında oxuduğu vaxtlardan peşə bayramlarını necə qeyd etdiklərini görərək, ona yaxşı mənada qibtə edirəm. Nə olsun ki, bu yalnız Azərbaycanda polisin peşə bayramı sayılır? Və nə olsun ki, idman jurnalistlərinin bayramı bütün dünya üçündür? Beynəlxalq İdman Jurnalistləri günündən bizə nə? Bizə ki iyulun 2-də quru təbrik də düşmür...

“İstənilən müqayisə qüsurludur” deyiblər. Bəlkə elə mənim müqayisəm də. Sadəcə, ölkədaxili bayramın beynəlxalq səviyyəli bayramdan nəyə görə təmtəraqla qeyd olunması ilə barışa bilmirəm. Sonuncu dəfə 4 il öncə Peşəkar Futbol Liqası (PFL) idman yazarlarını yada salmışdı. Hakimlikdən kənarlaşdırılmış Babək Quliyevin mətbuat konfransı keçirərək, PFL prezidenti Ramin Musayevi kəskin ittiham etdiyi gün. Həmin gün də idman yazarları iş başında idilər. Əvvəlcə Quliyevin mətbuat konfransına getmiş, oradan da PFL-in tədbirinə gəlmişdilər. Bəlkə də Musayev o tədbiri keçirmişdi ki, keçmiş FİFA referisinin mətbuat konfransına getməyək, gəlib elə burada yeyib-içək, hədiyyəmizi götürək, şad-xürrəm işimizə qayıdaq. Bu həm də az qala 15 ilə çatan idman jurnalisti karyeramda yeganə peşə bayramımız idi...

Beynəlxalq İdman Jurnalistləri gününün tarixçəsinə nəzər salıram. 1924-cü il iyulun 2-də Fransanın paytaxtı Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. Həmin tarixdən belə bir əlamətdar gün qeyd olunmağa başlayıb. AİPS-in özü isə balaca təşkilat deyil. 150-dən çox ölkə bu quruma üzvdür. O cümlədən, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) da... O AİJA ki, 2012-ci ilin yekunlarına əsasən, Lent.az-ı ilin ən yaxşı idman saytı seçib. Amma indiyədək həmin mükafatın üzünü görməmişəm, nədən ibarət olduğunu bu günədək də bilmirəm. Bu günü qeyd etməli olan qurumda bayram ab-havası duyulmursa, mükafat ünvanına çatdırılmayıbsa, başqalarından nə gözləyəsən?

Çox vaxt idman jurnalistikasını sahə mətbuatı kateqoriyasına aid edirlər. Subordinasiya qaydası ilə elədir. Amma necə razılaşasan ki, ən oxunan qəzetin idman qəzeti ilə oxunma, ən baxımlı saytın idman saytı ilə baxılma sayında kəskin fərq yoxdur. Necə razılaşasan ki, bu gün 10-dan çox idman qəzeti, onlarla idman saytı, hətta ayrıca idman telekanalı var. İdman dövlət siyasətinin əsas tərkib hissələrindən birinə çevrilibsə, idman jurnalistikası sahə mətbuatı kateqoriyasında qala bilməz!

Bu gün iyulun 2-sidir. Həm də Azərbaycan futbol klublarından 2-si – “Qarabağ” və “Xəzər Lənkəran”ın Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına çıxdıqları gün. Biri Makedoniyada “Metallurq”un, digəri Maltada “Slima”nın qonağı olacaq. İdman jurnalistləri isə öz bayramlarının hayında yox, məhz klublarımızın uğurlu nəticələrini görmək istəyindədirlər. Necə də olmasa, bu, bir təsəlli sayıla bilər...

Bu gün ayın 2-sidir. Yaxşı ki, 3-ü deyil. Yaxşı ki, Beynəlxalq İdman Jurnalistləri günü ayın 3-də qeyd olunmur. Yoxsa o məşhur mahnını bizim üçün oxuyardılar.

Təsəllisi bizdən uzaq...

P.S. Görəsən, “Əkinçi” qəzetində idman xəbərləri də dərc olunub?

Elşən Məmmədov
İdman Araşdırmalar Mərkəzinin sədri