“Con Toşakdan “Qarabağ” haqda məlumat almamışam”
10.07.2013 - 19:39
“Con Toşakdan “Qarabağ” haqda məlumat almamışam”
“Qarabağ” ilk oyunda yaxşı oynayaraq, layiqli qələbə qazandı. Sabah qələbə qazanmaq istəyiriksə, ilk növbədə qol vurmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Metallurq”un baş məşqçisi Srjan Zahariyevski bu gün keçirilən mətbuat konfransı deyib.

Skopye təmsilçisinin 40 yaşlı çalışdırıcısı “Qarabağ”la sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun öncəsi düşüncələrini bölüşüb: “İlk oyuna yaxşı hazırlaşa, öz səviyyəmizi göstərə bilmədik. Ancaq bu matçdan 7 gün keçib və bu dəfə yaxşı hazırlaşmışıq. Sabah bunu meydanda göstərib, mərhələ keçməyə çalışacağıq. “Qarabağ”ın orta sahəsini fərqləndirərdim. Cinahları da sürətlidir. Düşünmürəm ki, hesabda 0:1 geridə olmağımıza görə psixoloji gərginlikdəyik. Çünki bizim itiriləsi bir şeyimiz yoxdur. Son vaxtlar Azərbaycan futbolu inkişafdadır. Futbolunuza yatırılan maliyyə vəsaiti nəinki “Qarabağ”ın, digər klublarınızın da gələcəkdə də qrupa düşəcəyini göstərir”.

Zahariyevski Makedoniya yığmasının baş məşqçisi olmuş, hazırda isə “Xəzər Lənkəran”ı çalışdıran uelsli həmkarı Con Toşakdan rəqib haqda məlumat almadığını deyib: “Mən Azərbaycanda oynamış, indi də oynayan bəzi makedoniyalı futbolçulardan informasiya əldə etmişəm. Bundan əlavə, Azərbaycanda işləmiş makedoniyalı mütəxəssisdən də məlumat almışıq”.

Mehman SÜLEYMANOV