İsmayılov və Əliyevsiz “Bakı”nın məşqi
11.07.2013 - 02:25
İsmayılov və Əliyevsiz “Bakı”nın məşqi
“Bakı” Avstriyada təlim-məşq toplanışı davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ötəngünkü proqrama əsasən komanda 3 məşq keçib.

Öncə səhər saatlarında oyunçular çəki nəzarətindən keçərək məşq meydançasına yollanıblar.

Məşq “ağ-göylər”in isinmə hərəkətləri ilə başlayıb. Əsasən toplu hərəkətlərdən ibarət olan məşq zamanı iki qrupa bölünən futbolçular qısamüddətli bir oyun da keçiriblər.

Səhər məşqindən sonra komanda trenajor zalına yollanıb və burada fiziki təmrinləri yerinə yetiriblər.

Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçirilən axşam məşqi güclü yağış səbəbindən cəmi bir saat davam edib. Komanda üzvləri əsasən driblinq və zərbələr üzərində çalışıb. Əfran İsmayılovla Rauf Əliyev isə səhər və axşam məşqlərində iştirak etməyiblər.

Qeyd edək ki, “Bakı” yeni mövsümə hazırlıq prosesi çərçivəsində iyulun 11-i, saat 21:30 da “Penik”lə yoxlama oyunu keçirəcək.