“Xəzər Lənkəran”ın fərqli start heyəti
11.07.2013 - 12:20
“Xəzər Lənkəran”ın fərqli start heyəti
“Xəzər Lənkəran”ın Avropa Liqasının I təsnifat mərhələsində Maltanın “Slima” klubu ilə bugünkü cavab oyununa start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yenə 4-5-1 taktiki sxeminə üstünlük verən cənub təmsilçisinin baş məşqçisi Con Toşak Toni Doblas, Adrian Skarlatake, Rasim Ramaldanov, Radomir Todorov, Eder Bonfim, Rahid Əmirquliyev, Marin Orsuliç, Nikola Qliqorov, Sadio Tounkara, Zohair Benouahi və Junior Nildonu ilk dəqiqələrdən meydana buraxacaq. Bununla da lənkəranlılar ev matçına fərqli start heyəti ilə çıxacaq.

Belə ki, uelsli mütəxəssis 1:1 hesabı ilə nəticələnən səfər matçı ilə müqayisədə start heyətində 4 dəyişiklik edib. Həmin oyunda ikinci hissədə meydana çıxan Ramaldanovla Qliqorov bu dəfə ilk dəqiqələrdən meydanda olacaq. Müdafiənin mərkəzində Skarlatake ilə duet təşkil edəcək Rasim Maltada buraxdıqları qolda səhvi olan ispaniyalı həmkarı Alvaro Silvanı əvəzləyəcək. Qliqorov isə yarımmüdafiədə Elnur Abdullayevin yerinə oynayacaq.

Qapını yenə Doblasa tapşıran Toşak müdafiənin sol cinahında Todorova güvənməkdə davam edir. Müdafiənin sağ cinahında isə uzun fasilədən sonra Eder Bonfim çıxış edəcək. Braziliyalı ilk oyunda 2 sarı vərəqəyə görə meydandan çıxarılaraq cəzalı olan Elnur Allahverdiyevi əvəzləyəcək.

Cəzası bitən kapitan Rahid Əmirquliyev qayıdaraq, mərkəz yarımmüdafiəçisi funksiyasını yerinə yetirəcək. Onunla yanaşı oynayacaq Marin yenə start heyətində yer alıb. Yarımmüdafiənin sağ cinahında yenə Tounkara yer alacaq. Sol cinah yarımmüdafiəçisi mövqeyində oynamış Vanderson Skarduelli isə Maltada zədələndikdən sonra fərdi məşq edir. Onun əvəzinə sol cinaha bütövlüklə cavabdeh olacaq Radomir mərkəz yarımmüdafiəçilərindən biri kömək edəcək.

Oyun qurucusu mövqeyində Benouahi yer alaraq, irəlidə tək hücumçu Nildonu topla təchiz edəcək.