“Qarabağ”la oyunda gənclər işin öhdəsindən gəlmədi” - MÜSAHİBƏ
11.07.2013 - 12:11
“Qarabağ”la oyunda gənclər işin öhdəsindən gəlmədi” - MÜSAHİBƏ
“Metallurq”un hücumçusu Qoran Maznov apasport.az saytına müsahibə verib. “Spartak” və “Diyarbəkirspor”un sabiq futbolçusu bu gün baş tutacaq “Qarabağ”la oyun haqqında danışıb.

- İlk öncə “Qarabağ”la görüş haqqında fikirlərinizi bilmək istərdik.
- Oyun haqqında onu deyə bilərəm ki, bizim yenə uduzmağa haqqımız yoxdur. Bu dəfə biz qələbə qazanmaqla “Pyast”a rəqib olmaq istəyirik. Təbii ki, Bakıda “Qarabağ”a qarşı oynamaq asan olmayacaq. Ancaq növbəti mərhələyə çıxmaq istəyiriksə, bunu bacarmalıyıq.

- Belə deyək, ilk oyunda doğma azarkeşləriniz önündə niyə uduzdunuz? Bunun səbəblərini özünüz üçün aydınlaşdırmısınız?
- Fikrimcə, səbəb aydındır. Bizdə çoxlu gənc oyunçular çıxış edir. Məşqçi onlara inanıb meydana buraxmışdı. Çox təəssüf ki, ilk oyun üçün onlar tapşırılan işin öhdəsindən gələ bilmədi. Ancaq bu dəfə mən də daxil olmaqla təcrübəlilər meydana çıxacaq ki, lazımi nəticəni qazanaq.

- “Qarabağ”ın qolunun oyundankənar vəziyyətdən vurulduğu deyilir. Bu haqda fikriniz necədir?
- Mən həmin vəziyyəti görməmişəm. Bu üzdən də bu haqda dəqiq mühakimə yürüdə bilmərəm. Bu haqda yalnız eşitmişəm.

- Sonradan oyunun təkrarına da baxmamısınız?
- Yox, çox təəssüf ki, baxmamışam. Bununla belə, hər necə də olsa, onlar qələbə qazandı. Çünki həmin gün “Qarabağ” daha yaxşı oynayırdı.

- Siz oyunu ehtiyat oyunçular skamyasından izlədiniz. “Qarabağ”ın heyətində hansı futbolçunun çıxışını bəyəndiniz? Heç olmasa, nömrəsini söyləyərdiniz.
- Nömrələri yadımda qalmayıb. Məncə, “Qarabağ”ın oyunçuları ümumilikdə yaxşı idi. Onlar əla anlaşırdılar.

- 3 il əvvəl “Qarabağ” və “Metallurq” yenə Avroliqanın ilk təsnifat mərhələsində üz-üzə gəlmişdi. Həmin oyunları izləmişdiniz?
- Yox. Çünki mən onda ölkə xaricində çıxış edirdim. Onda “Rusiya”da “Tom”un heyətində idim. Bu üzdən Makedoniyadakı oyunu izləməmişdim.

- Bildiyimə görə, bu sizin Bakıya ikinci səfərinizdir. 2001-ci ildə də burda olmusunuz...
- Düzdür. İli xatırlamasam da, bir dəfə Azərbaycanda olmuşam. Onda seçmə mərhələdə sizin yığmanıza qarşı oynamışdım. Yadımdadır ki, həmin qarşılaşma heç bir tərəf üçün önəm kəsb etmirdi. Ona görə də qarşılaşma dosluq şəraitində - 1:1 başa çatdı (gülür). Mən həmin görüşdə 90 dəqiqə oynamışdım.

Səbuhi TOFİQOĞLU