“Pyast”ın hücumçusu: Xahiş edirəm ki, bizdən belə şey gözləməyin - MÜSAHİBƏ
11.07.2013 - 14:39
“Pyast”ın hücumçusu: Xahiş edirəm ki, bizdən belə şey gözləməyin - MÜSAHİBƏ
Polşanın “Pyast” klubunun futbolçusu Marçin Robak vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ” – “Metallurq” (Makedoniya) cütünün qalibi ilə oynayacaq Qlevitsa təmsilçisinin 31 yalı hücumçusu hazırlıqlarla bağlı fikirlərini bildirib.

- Təxminən 2 həftəlik Macarıstan təlim-məşq toplanışını başa vurdunuz. Vətənə hansı hisslərlə qayıdırsınız?
- Belə müddətdən sonra insanı ilk növbədə ailəsi ilə görüş gözləyir. Axı biz də robot deyilik.

- Toplanış çərçivəsində keçirilən hazırlıqlarda oyun planında dəyişiklik nəzərə çarpırdımı?
- Baş məşqçimiz Marçin Broj öz oyun fəlsəfəsinə sadiqdir. Ona görə də oyun üslubumuzda inqilab olmayacaq. Xahiş edirəm ki, bizdən belə şey gözləməyin.

- Ruben Hurado ilə hücumdakı tandeminizdən çox şey gözlənilir. Sizcə ümidləri doğrulda biləcəksiniz?
- Bizim oyunumuz gündən-günə daha yaxşı alınır. Vacib olan odur ki birimiz topu alanda digəri onun nə edəcəyini bilsin. Biz də bir-birimizi çox yaxşı anlayırıq.

- Yəqin ki, sizi topla təchiz etməli olan yarımmüdafiə xəttindən də razısız?
- Bu sahədən narahatçılığım yoxdur. Lakin yenə də hər şeyə mövsümün oyunları aydınlıq gətirəcək.

- Avropa Liqasının II təsnifat mərhələsində ilk matçınıza iyulun 18-də çıxacaqsınız. Rəqibinizin müəyyənləşdiyi Makedoniya “Metallurq”u ilə Azərbaycan “Qarabağ”ı arasında ilk matçı heç olmasa internetdən izləmisiniz?
- Yox. Heç komandamızda kiminsə bunu izlədiyini də eşitməmişəm. Səbəbi də çox sadədir. Çünki biz yalnız öz hazırlığımıza köklənmişik. Axı biz yaxşı hazırlaşmasaq, rəqibin ən yaxşı təhlili belə bizi uğursuzluqdan xilas etməyəcək.