“Onları həmin futbolçular aldadıb”
11.07.2013 - 17:36
“Onları həmin futbolçular aldadıb”
“Bunu sizə izah edim. Bu, pul söhbəti deyildi. Həmin futbolçular arasında 4 oyunçu var ki, onlar komandanın içərisində başqa işlər görməyə çalışırdı”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin “Dənizlispor”un meneceri Mehmet Ali Kəskinlər deyib.

Ötən mövsüm başa çatan kimi I liqa təmsilçisində çıxış edən Azərbaycan milli komandasının sabiq futbolçuları Rail Məlikov və Arif İsayev də daxil olmaqla futbolçular pullarını ala bilmədikləri üçün klubda üsyan qaldırmışdı. Nəticədə bəzi oyunçular buna görə cəzalandırıldı. Kəskinlər baş verənlərin Railin klubdan ayrılması ilə bağlı olub-olmamağına da aydınlıq gətirib: “Rail və Arif kimi digər oyunçuları da pullarımız verilməyəcək deyə aldatmışdılar. Halbuki ondan sonra pulları verildi. Ancaq nə Rail, nə də Arif buna görə cəzalandırılmadı. Həmin o iş qarışdıran 4 futbolçu cəzalandırılaraq komandadan çıxarıldı. Onların meneceri bir adam idi. Məqsədləri başqa şeyə xidmət edirdi. Mən Rail və Ariflə danışanda onlar mənə dedi ki, bizi həmin oyunçular aldatdı ki, sadəcə toplantı olacaq. Ancaq içəri girəndə görüblər ki, kameralar, mətbuat işçiləri ordadır. Ancaq Raildən həm insan, həm də futbolçu kimi razı qalmışdıq. Komandadan ayrılması bizi üzsə də, ailəsinə görə bunu istədiyindən çox şey deyə bilmədik”.

Qeyd edək ki, son mövsümü Dənizli təmsilçisində keçirib, bu günlərdə “Qəbələ”yə keçən Raildən fərqli Arif karyerasını Türkiyə klubunda davam etdirir.