“Xəzər Lənkəran”ın “5”i
11.07.2013 - 23:01
“Xəzər Lənkəran”ın “5”i
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Maltanın “Slima” klubunu 1:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” üçün bu qələbə tarixi əhəmiyyət kəsb edir. Apasport.az saytının məlumatına görə, Rahid Əmirquliyevin qolu ilə qazanılan qələbə Lənkəran təmsilçisinin avrokuboklar tarixində ilk ev qələbəsi oldu.

Belə ki, bunadək 7 dəfə doğma publika önünə çıxan cənublular 5 dəfə heç-heçə edərək 2 dəfə meydanı məğlub tərk etmişdi. Lakin hər 2 məğlubiyyət Lənkəranda deyil, Bakıda qeydə alınmışdı.

2008-ci il iyulun 17-də Polşa “Lex”inə 0:1 hesabı ilə uduzduqdan sonra isə “Xəzər Lənkəran” öz meydanında uduzmur. 5 ildə 5-ci ev oyununu da yenilgisiz keçirən cənublular uğurlu seriyasını Lənkəranda yaşayıb.

Avrokuboklardakı ilk 3 oyununu Bakıda keçirən Lənkəran təmsilçisi doğma məkana qayıtdıqdan sonra əcnəbilər üçün yenilməzə çevrilib.

Bu seriya Moldova “”Olimpiya”sı ilə qarşılaşmada başlayıb. 2007-ci il iyulun 8-də Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda Lənkərandakı debütdə 1:1 ilə kifayətləndi. 1 il sonra iyulun 21-də isə Təl-Əviv “Makkabi”si Mirça Rednikin yetirmələri ilə qolsuz bərabərliklə kifayətləndi – 0:0. Ötən il isə Yunis Hüseynovun başçılığı altında komanda iyulun 5-də Estoniya “Nomme Kalyu”su, 19-da isə Polşa “Lex”i ilə bərabərə qaldı- müvafiq olaraq 2:2 və 1:1.

Con Toşakın komandası ilə “Fırtınalar meydanı” kimi tanınan Lənkəran stadionunda yenilməzlik 5-ə çatdı.