“Qarabağ”ın rəqibi çərşənbə axşamı Bakıya gəlir
12.07.2013 - 12:36
“Qarabağ”ın rəqibi çərşənbə axşamı Bakıya gəlir
“Qarabağ”ın Avroliqanın 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Pyast”ın Bakıya gələcəyi tarix məlum olub. Apasport.az Polşanın przegladsportowy.pl saytına istinadən xəbər verir ki, Qlivitse təmsilçisi iyulun 16-sı səhər saatlarında Bakıya yola düşəcək.

Komanda bura daha bahalı olan çarter reysi ilə gələcək. Polşalılar Varşava – Frankfurt – Bakı reysi ilə vaxt itirəcəklərindən bu üsula əl atıb.

Yeri gəlmişkən, “Pyast”ın qapıçısı Daiuş Trelanın yerinə “Legiya”dan icarəyə götürülmüş gənc Yakub Şumskinin gələcəyi məlum olub. Klub prezidenti Yaroslav Kolodzeyçikin sözlərinə görə, Bakıdakı oyunun verilməsi üçün hazırda Polşanın ictimai kanalı ilə danışıqlar gedir. Əgər bu danışıqlar alınmasa, o zaman yerli idman kanallarından biri ilə danışıqlar aparılacaq.

Qeyd edək ki, “Qarabağ” - “Pyast” oyunu iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.