“Qoca qurd”la 20 günün təəssüratı
14.07.2013 - 00:27
“Qoca qurd”la 20 günün təəssüratı
“Xəzər Lənkəran”ın son illərdə ölkə xaricində keçirdiyi bütün toplanışlarında iştirak etsəm də, bu dəfə Almaniya hazırlıqlarında görəcəklərimin mənim üçün daha maraqlı olacağını düşünürdüm. Söz yox ki, bu özəl maraq birbaşa “ağ-yaşıllar”ın yeni baş məşqçisi Con Toşakla əlaqədar idi.

Dünyaca ünlü mütəxəssisin iş metodu bundan öncə toplanışlarda gördüyüm digər çalışdırıcılarla müqayisəni aparmağa yetərli olmalıydı. Düzdü, zənnimdə yanılmadım. Öncə deyim ki, “Xəzər Lənkəran”ın “sükanı arxası”nda olan məşqçilər arasında Mirça Rednikin özəlliyi həmişə ön planda olub. Rumıniyalının məşq proseslərinin rəngarəngliyi ondan sonra gələn çalışdırıcıların bütün çabalarına rəğmən Rednikdən qalma ölçü cızığını keçə bilməməklə tarixin yaddaşına köçüb.

“Xəzər Lənkəran”ın Münhendən təxminən 100 km aralıda yerləşən Bad Gögginq şəhərciyində məskunlaşdığı “Marc Aurel” otelində Toşakla ilk görüşüm liftin girişində baş tutdu. Hündürboy, cüssəli mütəxəssislə qəfil qarşılaşma zamanı özümdən asılı olmadan duruxub qaldım. Cənub klubunun formasını geyinməyim, deyəsən, uelsli mütəxəssisi də təəccübləndirmişdi. Onun məni başdan ayağa süzməsi zamanı araya klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu girdi - bizimlə daim toplanışlarda olan sayt əməkdaşıdı...

Toşaksa təəccüblə dolmuş üz cizgisini dərhal mülayimləşdirib - elə bildim yeni qapıçıdır - deyərək, ilk tanışlığımıza nöqtəni qoydu. Səhəri gün cənubluların Almaniya toplanışının ilk hazırlıq günündə Toşaklı “Xəzər Lənkəran”da ilk diqqətimi cəlb edən dəmir nizam-intizam oldu. Əlindəki kiçik kağız parçasına tez-tez baxan uelsli mütəxəssis meydanboyu futbolçuların hərəkətlərini diqqətlə izləyir, bəzən çığırır, bəzən də övladının könlünü alırmış kimi zarafatlarını işə salırdı. Vaxt amilinə alman dəqiqliyi ilə yanaşan Toşak sanki sabah olmayacaq kimi hər dəqiqənin nə qədər önəmli olmasını ətrafına sezdirməyi bacarırdı.

Bəlkə də UEFA-nın cənub klubunun ilk oyununun 2 gün önə çəkməsini Toşakın hər addımbaşı problem kimi dilə gətirməsinə çoxları qəribə, bəlkə də bəhanə kimi yanaşır. Amma onun toplanış müddətində komandanın öncədən qurduğu hazırlıq planına saniyəsinə qədər diqqətli yanaşması, mənim üçün nə bəhanə, nə də baş aldatmadır. Bu, böyük klublarda çalışmış qocanın ətrafında olan cavan köməkçilərinə və futbolçularına verdiyi “hər zamanın, dəqiqənin qiymətini bilin” kimi açıq dərsi idi.

Məşqlərdən sonra hətta komanda üzvlərinin qaldığı otaqlarda nələrin baş verməsinə qədər məlumatının olması isə tez-tez foyedə oturub, bu dili bilməməyinə rəğmən alman qəzetlərini vərəqləyən Toşakın uzun illərin xüsusi xidmət orqanları əməkdaşlarının məşhur metodundan istifadə etməsi kimi də qəbul oluna bilər.

Daha sonra Maltada “Slima” ilə ilk oyun öncəsi futbolçularının ən çox rahatlığını, istirahətini düşünməsi 20 gün yanaşı yemək yediyim Toşakda kəşf etdiyim növbəti fərqli cəhət idi. Çox vaxt bunun üçün klub rəhbərliyini nələrəsə məcbur etmək, məsələn, Azərbaycana dönərkən mütləq çarter reysinin olması üçün israrı bir daha futbolçularının rahatlığını düşünməsinə hesablanmışdı. İndi futbolçular onlar üçün əlindən gələni edən “qoca qurd”un mütləq borcunu qaytarmağı düşünməli, Almaniya və Maltada yararlandıqları istirahətlə zəngin toplanışın əvəzini verməlidirlər.

“Makkabi” səddini keçmək üçün “Xəzər Lənkəran”lı futbolçularda istək və inam Toşakın beynində həmişə yeri olan A və B planları ilə üst-üstə gəldikdə, çoxminli “Xəzər Lənkəran” ordusunu və Azərbaycan futbol ictimaiyyətini sevindirmək mümkündür. Bəlkə bu dəfə İsraildə “Xəzər Lənkəran”ın qalacağı oteldə Toşak yerli qəzetləri vərəqləyə-vərəqləyə rəqib üçün hansısa gizli planını işə salmağı düşünəcək? Bunu görmək üçün isə qısa da olsa zaman var.

Haydı, Lənkəranın “Xəzər”i!

P.S: Almaniya və Malta səfərində göstərdiyi köməkliyə görə, başda klub prezidenti Mais Mənsimov olmaqla, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirova, klubun rəisi Səməd Mustafayevə minnətdarlıq etməyi unutmadan qısa təəssüratımı yekunlaşdırıram...