“Əlbəttə, kağız üzərində “Neftçi” favoritdir”
14.07.2013 - 16:30
“Əlbəttə, kağız üzərində “Neftçi” favoritdir”
“Mən “Neftçi”ni tanıyıram. İki il bundan əvvəl “Skenderbeu”nu çalışdırarkən bakılılarla yoldaşlıq oyunu keçirmişdik. Avstriyada baş tutan həmin hazırlıq matçı 1:1 hesabı ilə başa çatıb. Onlar penaltidən fərqləndi, biz isə oyun epizodunda Muzaka Corcun sayəsində qol vurduq. Bildiyim qədər, həmin heyətin 70-80 faizi hələ də qalmaqdadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Skenderbeu”nun sabiq baş məşqçisi Şpetim Duro deyib.

O, Albaniya klubunun Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə oyunöncəsi şansları barədə “panorama-sport”a danışıb.

Duro iyulun 17-də üz-üzə gələcək bu iki komandanı müqayisə edib: “Neftçi”nin büdcəsi və onların oyunçularına gəlincə, “Skenderbeu”nu bu komanda ilə ümumiyyətlə müqayisə etməyə dəyməz. Azərbaycanlıların heyətində 1-2 milyon avro dəyərində futbolçular çıxış edir. Əlbəttə, kağız üzərində “Neftçi” favoritdir. Təbii ki, “Skenderbeu”ya çox çətin olacaq. Lakin mən ilk oyunun çox önəmli olduğunu hesab edirəm. Əgər təmsilçimiz Azərbaycanda reallaşacaq ilk oyunda sərfəli nəticə qazanacağı təqdirdə, mərhələ keçmə şansı əldə edəcək. Ancaq bunu hələ aydınlaşdırmaq lazımdır. Çünki “Skenderbeu” evdə də rəqibi ilə görüşəcək. İnamla söyləmək olar ki, təmsilçimizin indiki heyəti son üç ildə ən güclü kollektivdir. Müdafiə və mərkəz xəttində praktiki dəyişikliklər olmayıb və demək olar ki, 70% eynidir. Lakin komandanın hücum xətti gücləndirilib”.

Qeyd edək ki, “Neftçi” – “Skenderbeu” oyunu “Bakcell Arena”da keçiriləcək. Görüş isə saat 21:00-da başlayacaq.