Millimizin üzvü PSV-yə qarşı 45 dəqiqə oynadı - FOTO
15.07.2013 - 09:15
Millimizin üzvü PSV-yə qarşı 45 dəqiqə oynadı - FOTO
Yığma komandamızın üzvü Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover 96” Almaniya toplanışı zamanı növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi sayca 8-ci yoxlama oyununda Hollandiyanın məşhur PSV komandası ilə qarşılaşıb.

Eyndhoven təmsilçisi ilə görüş “Hannover 96”nın ev oyunlarını keçirdiyi “AVD-Arena”da baş tutub. Ancaq 13200 alman azarkeşin gözü önündə hannoverlilər rəqibinə 0:3 hesabı ilə məğlub olub. Hollandiyanın gümüş mükafatçısından qolları Corcinyo Veynaldum, Yürgen Lokadiya və Kevin Strotman vurub.

Gökdəmirə gəlincə, futbolçumuz yenə fasilədən sonra meydana çıxıb. O, Kristofer Avevoru əvəzləyib və mərkəz müdafiəçisi kimi çıxış edib. Əlinin özünün oyunun başa çatmasına 5 dəqiqə qalmış fərqlənmək imkanı olub. Ancaq futbolçumuzun zərbəsi qapının yanından keçib.

Qeyd edək ki, bundan öncə “Hannover 96” həvəskar və yarımhəvəskar komandalar olan “Berenbostel”ə 17:0, “Krehenvinkel/Kaltenvayde”yə 2:1, “Şlezviq 06”ya 9:1, “Vayxe”yə 4:0, “Ramlingen/Ehlershauzen”ə 5:0, “Kuitt”ə 16:1 və “Tselle”yə 8:0 hesabı ilə qalib gəlib. Yalnız şlezviqlilərlə matçda 90 dəqiqə oynayan Əli qalan qarşılaşmalarda 45 dəqiqə forma geyib.