“Bizim məşqçilər yerli futbolçuları “vururlar”
24.07.2013 - 17:05
“Bizim məşqçilər yerli futbolçuları “vururlar”
Türkiyənin I dəstə təmsilçisi “Kahramanmaraşspor”la 1 illik müqavilə izləyən Fərid Quliyevin apasport.az saytına müsahibəsi

- AZAL-da baxışda olsanız da, sonradan “Kahramanmaraşspor”la anlaşdınız. Transferiniz necə alındı?
- Məni AZAL-a baş məşqçi Vaqif Sadıqov dəvət etmişdi. Hazırlıq prosesində iştirak edən zaman Türkiyə variantı ortaya çıxdı. Vaqif müəllimlə söhbət etdim. Xeyir-dua verdi, getməyimin mənə xeyri olacağını dedi. Nəticədə transfer baş tutdu.

- Amma AZAL-da bəyənilməyib, heyətdən kənarlaşdırıldığınız deyilirdi...
- Çoxları elə bilir ki, məni komandaya Vaqif müəllim götürmədi. “Rəvan”la yoldaşlıq oyununda bir qol vurub, bir məhsuldar ötürmə verdim. Lakin deyirlər ki, guya məni komandadan çıxartdıqları üçün Türkiyəyə yollandım. Karyeramda irəliyə doğru addım atmaq istədim və təklifi dəyərləndirdim.

- Yeni komandanızla bağlı təəssüratlarınız necədir?
- Komandanın əla şəraiti var. Hər oyuna 15-20 min azarkeş gəlir. Onlar komandanı sona qədər dəstəkləyirlər. Qalır futbolçuların onların ümidini doğrultması.

- “Kahramanmaraşspor”un yeni mövsümdəki hədəfi nədir?
- Yüksək yerlərdən birini tutub, Superliqaya yüksəlmək. Komanda başa çatan mövsümdə II liqanın qalibi oldu. İndi hədəflər bir qədər də böyüyüb. İnanıram ki, buna gücümüz çatacaq. Çünki komandanın potensialı var.

- Müqavilə şərtləri necə, bizim klubların təklifindən çox fərqlidir?
- Fərq var. Onlarda işlər daha peşəkar qurulub. İndiyə qədər bunu ordan gələnlərdən eşidirdim. Bu dəfə isə özüm şahidi oldum.

- Maddi baxımdan vəziyyət necədir?
- Bizim klublardan daha yüksək məbləğ təklif edirlər.

- Son vaxtlar futbolçularımızın Türkiyənin I liqasında çıxış edən klublara axını başlayıb. Bu nədən irəli gəlir?
- Bizim klublarda yerli oyunçulara tələbat azdır. Digər yandan Premyer Liqada komandaların sayı azaldıldı. Bu da məcbur edir ki, futbolçular ölkə xaricində özlərinə komanda tapsınlar. Bizim klublar legionerlərə üstünlük verirlər. Adətən əcnəbi futbolçu yerlilərdən üstün olmalıdır ki, ona şans verilsin. Ancaq bizdə buna baxan yoxdur. Səninlə eyni səviyyədə olsa belə, üstünlük ona verilir.

- Premyer Liqanın bombardiri olduqdan sonra karyeranızda eniş başlayıb. Bu nədən qaynaqlanır?
- Eniş futbol baxımından olmaz. Futboldan anlayışı olan insan bu illər ərzində hansı problemlərlə üzləşdiyimi o dəqiqə görəcək. Bizim məşqçilər yerli futbolçulara kömək etmir, əksinə, ayağının altını qazır, onları “vururlar”.

- Türkiyədə oynamaqla yenidən yığmaya dönəcəyinizə ümid edirsiniz?
- Özümü yaxşı tərəfdən göstərməyə çalışacam. Əlbəttə, yaxşı çıxış etsən, yığmanın baş məşqçisi bunu mütləq görəcək və dəvət göndərəcək. Əsas olan özümü yaxşı tərəfdən göstərməyi bacarmaqdır.