Belçikadan Polşaya qədər
26.07.2013 - 01:11
Belçikadan Polşaya qədər
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarında uğur qazanaraq mərhələ adlayan yeganə komandamız olan “Qarabağ”ın qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Polşanın “Pyast” klubu ilə 2:2 hesablı heç-heçə edən təmsilçimiz bunadək ardıcıl 4 qələbə qazanmışdı.

Polşadakı heç-heçəyə qədər ağdamlılar sonuncu dəfə Belçikada qalib gələ bilməmişdi. 2 il əvvəl – “Brügge”yə 1:4 hesablı məğlubiyyətdən 1 həftə sonra “Qarabağ” avrokuboklarda qələbələri sıralayırdı. 2011-ci il avqustun 4-də Bakıda “Brügge”ni qəbul edən “Qarabağ” Bəxtiyar Soltanovun qolu ilə qalib gəlmişdi – 1:0. Ötən mövsüm avrokuboklara çıxmayan Qurban Qurbanovun komandası bu ay I təsnifat mərhələsinin hər 2 oyununda Makedoniya “Metallurq”unu 1:0 hesabı ilə yenərək seriyasını 3-ə çatdırmış, ötən həftə isə Azərbaycan futbolunda görünməmiş rekordu gerçəkləşdirmişdi. “Pyast” üzərində 2:1 hesablı qələbə seriyada 4-cü olmuşdu. Bu dəfə isə Azərbaycan üçün rekord olan seriya qırılıb. Rekord isə tarixdə qaldı.