“Baş məşqçi dəyişikliyi müsbət effekt verəcək”
03.08.2013 - 23:00
“Baş məşqçi dəyişikliyi müsbət effekt verəcək”
“Neftçi” klubunun kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının I turunda AZAL üzərində qazanılan 4:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Qarşılaşmanın komandanız üçün asan keçdiyini düşünmək olarmı?
- Oyunun çətin keçəcəyini düşünürdük. Çünki, baş məşqçi dəyişikliyindən, eləcə də Çempionlar Liqasındakı uğursuzluqdan sonra komandada psixoloji durum yaxşı deyildi. Çətin duruma düşmüşdük. Bu vəziyyətdən çıxmaq lazım idi. Layiqli qələbə qazandıq. Bundan sonra komandanın daha yaxşı oynayacağına inanıram.

- Fərqli hissələr izlədik. Deyəsən, ikinci yarıya arxayın çıxmışdınız?
- Düzdü, bir az arxayınçılıq yaranmışdı. Həm də sanki komanda yoruldu. Bu cür situasiyadan çıxmaq hər komandanın işi deyil.

- “Neftçi”nin sürətli oyunundan əsər-əlamət yox idi. Bunun səbəbini necə izah edərdiniz?
- Elə düşünmürəm. Əksinə, birinci hissədə sürətli oyunun şahidi olduq. Sürət olmasaydı, 3 top vurub, bir o qədər də qol vəziyyəti yarada bilməzdik. İkinci hissədə psixoloji baxımdan yorğunluq yaranmışdı.

- Böyükağa Hacıyevin istefasından sonra məşqçilər korpusu hansı yeniliklər etməyə çalışır?
- Bunu qarşıdakı turlarda görəcəyik. Komanda turdan tura daha yaxşı olacaq. Ümid edirəm ki, baş məşqçi dəyişikliyi müsbət effekt verəcək.

- Bəs Hacıyevin gedişi ilə “Neftçi” nə itirdi?
- Bunu mən yox, rəhbərlik deyə bilər. Biz futbolçuyuq. Çalışacağıq ki, ötən il göstərdiyimiz uğurlu çıxışı davam etdirək.

- Artıq I turun 3 oyunu arxada qalıb. Topaz Premyer Liqasında çıxış edən komandalar haqda nə deyə bilərsiz?
- Komandaların ciddi hazırlaşdığı hiss olunur. “Qarabağ”, “İnter”, “Qəbələ” və “Bakı” - hamısı çempionluq uğrunda mübarizə aparacaqlar. Bu mövsüm əvvəlkilərdən daha çətin olacaq.

- Cari çempionat 4 dövrədən ibarətdi. 36 tur, ölkə kuboku, eləcə də millinin oyunları - bunlar yorğunluq yaratmayacaq?
- Bu sistem müsbət effekt verəcək. Ötən il 50-yə yaxın oyun keçirdik. Buna dözmüşüksə, cari mövsümə də dözəcəyik. Bu formatda oynamaq Azərbaycan futbolu üçün daha çox xeyir verəcək.