Con Oluremi: Erkən qol komandamızı “sındırdı” - MÜSAHİBƏ
04.08.2013 - 09:30
Con Oluremi: Erkən qol komandamızı “sındırdı” - MÜSAHİBƏ
AZAL klubunun yeni transferi, amerikalı legioner Con Oluremi Topaz Premyer Liqasının 2013/14 mövsümünün ilk turunda “Neftçi”yə 1:4 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Mövsümə böyük hesablı məğlubiyyətlə başladınız. Komandanızın ilk oyununu necə dəyərləndirərdiniz?
- Arzuolunmaz nəticə ilə üzləşdik. Meydana qələbə qazanmaq üçün çıxmışdıq, amma böyük hesabla yenildik. Bu, hər şeyin sonu deyil. Çempionat yeni başlayır. Qabaqda xeyli oyunlarımız var.

- Nəticəni nə ilə əlaqələndirərdiniz: AZAL oynaya bilmədi, yoxsa rəqib çox güclü idi?
- Deməzdim ki, zəif oynadıq. Komanda yoldaşlarımın zəhmətini yerə vurmaq fikrim yoxdu. Amma rəqibin çox güclü olması danılmaz faktdı. “Neftçi” ötən mövsüm həm çempion olub, həm də ölkə kubokunu qazanıb. Topla yaxşı oynayırlar. Ən önəmlisi də odur ki, qol imkanlarından maksimum dərəcədə yararlandılar.

- Zəif oynamadığınızı iddia etsəniz də, fasiləyəcən 3 top buraxdınız. Bunu nə ilə izah edərdiniz?
- Erkən qol buraxmağımız istər-istəməz komandaya təsir etdi. Belə deyək, 9-cu dəqiqədəki qol komandamızı “sındırdı”. Rəqib bundan ruhlanıb fasiləyəcən daha 2 qol vurdu. Nəzərə alaq ki, bu bizim ilk oyunumuz idi. Amma “Neftçi” Çempionlar Liqasında 2 görüş keçirmişdi. Oyun praktikası baxımından bizi üstələdilər.

- Növbəti turlarda komandanızdan fərqli oyun görmək mümkün olacaq?
- Bəli, bundan daha yaxşı oyun göstərəcəyik. İlk turda güclü rəqibə qarşı oynadıq. Fikrimcə, qarşıdakı görüşlərdə bəzi çatışmazlıqları aradan qaldırıb, daha güclü oyun nümayiş etdirəcəyik.

ELMAR