“Kanales haqda fikirləşmək istəmirəm”
04.08.2013 - 10:16
“Kanales haqda fikirləşmək istəmirəm”
“Neftçi” klubunun yeni transferi, hollandiyalı hücumçu Melvin Platye Topaz Premyer Liqasının I turunda AZAL üzərində qazanılan 4:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Mövsümə darmadağınla başladınız. Komandanızın oyununu necə dəyərləndirərdiniz?
- Qarşılaşmaya yaxşı başlayıb, rəqib qapısından 4 top keçirdik. Vurduğumuz erkən qolun davamı gəldi. İlk yarıda 3 top vurmağımız matçın tempinin yüksək olması ilə bağlı idi. Amma ikinci hissədə oyunun tempi aşağı düşdü. Buna baxmayaraq, 1 qol da vurub, qalib gəldik. İlk turun çətinlikləri olsa da, komandamız üçün hər şey yaxşı qurtardı. Bu qələbənin davamlı olmasına çalışacağıq.

- Azərbaycan çempionatında debüt etdiniz. İlk oyun sizdə hansı təəssürat yaratdı?
- Bildiyiniz kimi, meydana fasilədən sonra çıxdım. Özüm haqda geniş danışa bilmərəm. Amma onu deyə bilərəm ki, qarşıdakı turlarda futbolunuza və komandama daha yaxşı adaptasiya olub, çoxlu qollar vuracağam.

- Həmyerliniz olan Corc Leroy “Qarabağ”ın heyətində Avropa Liqasında artıq 2 qol vurub. Amma siz Çempionlar Liqasında keçirdiyiniz 2 oyunda fərqlənə bilmədiniz...
- Bilirsiniz, bunu bir az da bəxtlə əlaqələndirərdim. Bəlkə də Corc Leroy məndən daha şanslı futbolçudu. Bunu normal qəbul edirəm. Ölkəni, komandanı dəyişəndə istər-istəməz çətinlik çəkirsən. Mənə əsl gücümü göstərmək üçün bir az vaxt lazımdır. Əgər bir qol vursam, davamı mütləq gələcək.

- Çempionlar Liqasının birinci mərhələsindəcə mübarizəni dayandırdınız. Bu uğursuzluğu nə ilə əlaqələndirirsiniz?
- Bu barədə danışmaq istəmirəm. Əlimizdən gələni etdik, amma alınmadı. Artıq o uğursuzluğu unutmaq, çempionata köklənmək lazımdı. Çempionlar Liqasındakı şanssızlığın komandaya elə də təsir edəcəyini düşünmürəm. Özünüz də gördünüz ki, bu gün komanda çox yaxşı oyun nümayiş etdirdi. Futbolçularımızda zərrə qədər də ruh düşkünlüyü görmədim. Hamının əhval-ruhiyyəsi yaxşı idi.

- Ötən mövsümün ən məhsuldar hücumçusu “Neftçi”nin üzvü Nikolas Kanales oldu. Necə fikirləşirsiniz, öz oyununuzla çilili legioneri unutdura biləcəksiniz?
- Mən Kanales haqda fikirləşmək belə istəmirəm. Təbii ki, klubun, azarkeşlərin mənə ümidləri çoxdur. Bunu anlayıram. Mən də çalışıb komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm.

ELMAR