Çumbinyo: İndiyədək belə meydanda oynamamışam - MÜSAHİBƏ
05.08.2013 - 09:44
Çumbinyo: İndiyədək belə meydanda oynamamışam - MÜSAHİBƏ
“Qarabağ”ın yeni transferi, braziliyalı yarımmüdafiəçi Çumbinyo Topaz Premyer Liqasının I turunda “İnter” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Azərbaycan çempionatında debüt etdiniz. Öncə təəssüratlarınızı bilmək istərdik...
- Çətin qarşılaşma oldu. Hesabda geri düşsək də, sonda qələbə qazandıq. Ancaq fikrimcə, bizim üçün matçı çətin edən məqam süni örtüklü meydanda oynamağımız idi. Təbii, bu, şəxsi fikrimdir. Mən indiyədək belə meydanda oynamamışdım.

- Sintetik örtüklü meydanda oynamağın çətinliyini qeyd etdiniz. Amma bu, sizin üçün yaxşı haldı. Çünki avqustun 8-də “Gefle” ilə də məhz süni örtüklü meydançada oynayacaqsınız...
- Doğrudan?

- Məgər bunu bilmirdiniz?
- Yox. Məşqçilər bu haqda bizə heç nə deməyiblər. Açığı, İsveçdə də süni örtüklü meydanda oynayacağımızı sizdən eşitdim. Bizim üçün çətin olacaq. Ancaq çox ciddi məşq etsək, bütün diqqətimizi “Gefle” ilə oyuna yönəltsək, meydança amili ikinci plana keçəcək.

- Çempionatda keçirdiyiniz ilk oyundaca fərqlənəcəyinizi gözləyirdiniz?
- İlk qolu vurmaq mənim üçün çox vacib idi. Çünki gələcək oyunlarda da fərqlənməyim üçün özümə inamı bərpa etdi.

- “Qarabağ”a gəlməzdən əvvəl Yunanıstanda “Etnikos”, “Olimpiakos”, “Panserraikos”, OFİ, “Levadiakos” və “Atromitos” klublarında çıxış etmisiniz. Yunanıstan və Azərbaycan çempionatları arasında ilk oyunda hansı fərqləri gördünüz?
- Əlbəttə, fərqlər var. Burda futbol yenicə inkişaf edir. Yunanıstanla burdakı fərqlər azarkeşlərin sayında və stadionların gözəlliyindədir. Ancaq inanıram ki, Azərbaycanda da futbol inkişaf edəcək və Yunanıstan səviyyəsinə çatacaq.

- Bu günkü rəqibiniz olan “İnter” ötən il Avroliqada Yunanıstanın “Asteras” klubu ilə oynamışdı. Sizin bu oyuna baxmaq imkanınız olmuşdu?
- Həmin oyuna televizor vasitəsilə baxmışdım. Ancaq cəmi 45 dəqiqəsini izləmək imkanım olmuşdu. Bu səbəbdən həmin oyunun dəqiq nəticəsini xatırlamıram.

Səbuhi TOFİQOĞLU