Start özəllikləri
05.08.2013 - 11:08
Start özəllikləri
Topaz Premyer Liqasında növbəti mövsümün ilk turu məhsuldarlığı ilə diqqət çəkdi. Apasport.az saytının məlumatına görə, “altılığ”ın ləğv edildiyi, 10 komandalı 4 dövrəli sistemin tətbiq olunduğu 2013/14 mövsümünün startında 5 oyunda qapılara 15 top vuruldu. Bu da hər oyuna orta hesabla 3 qol deməkdi.

Əgər “altılıq”da son 2 mövsümə nəzər salsaq, onda qapılardan müvafiq olaraq, 12 və 13 topun keçirildiyini görərik. Yəni, oyunların sayı azalsa da, bu, məhsuldarlığa mənfi təsir göstərməyib, əksinə, artırıb. Komandalardan hələlik yalnız “Rəvan”ın hesabında qol yoxdur.

Çempionatın ilk qolu da daha tez vuruldu. Belə ki, ötən çempionatda “Kəpəz”in gürcüstanlı hücumçusu İrakli Beraya 13-cü dəqiqədə fərqlənmişdisə, “Bakı”nın litvalı hücumçusu Mindauqas Kalonas 1 dəqiqə cəld tərpənib. Maraqlıdır ki, “Kəpəz” - “Turan” oyununda olduğu kimi, “Bakı” – “Qəbələ” matçında da ilk qolu vuran komanda sonda 2 top buraxaraq uduzub.

İlk turda bir sıra digər maraqlı məqamlar oldu ki, onları diqqətinizə çatdırırıq.

Əvvəla, qol müəlliflərinin bir neçəsi debütdəcə fərqlənib. Belə ki, “Qarabağ”ın yeni legionerləri - Çumbinyo ilə Corc Leroy çempionatda siftədə qol vurmağı bacarıb. Sonuncu Avropa Liqasında bunu edə bilmişdisə, Çumbinyo ağdamlıların heyətində ilk qolunu vurub. Nəticədə əcnəbilər “Qarabağ”a əzmkar qələbə ilə start götürməyə imkan verib. “İnter”in kapitanı Vaqif Cavadovun isə cari mövsümdə ilk qolunu bura gəldiyi “Qarabağ”a vurmağı diqqət çəkib.

Millimizdə debüt edən hücumçu Vüqar Əsgərov isə çempionatda debütünü “Sumqayıt”ın heyətində qolla tarixə salıb. “Xəzər Lənkəran”lı Junior Nildo ilə Kalonas bunadək ötən mövsüm müvafiq olaraq, AZAL-la “Rəvan”da qol vursalar da, yeni komandalarında çempionatda ilk oyunlarında fərqləniblər.

Çempionatda debüt edən əcnəbi məşqçilərin duelində isə rusiyalı Yuri Syomin (“Qəbələ”) serbiyalı Milinko Pantiçə (“Bakı”) qalib gəlib. Maraqlısı odur ki, Syomin tanışlığa ötən çempionatın sonunda məhz “Bakı”nın bazasına gələrək başlamışdı. Onda “Qəbələ”nin meydan sahibləri üzərində 1:0 hesablı qələbəsinə kənardan şahidlik edən təcrübəli çalışdırıcı bu dəfə oyunda nəticəyə təsir edən dəyişikliyi ilə öz sözünü deyib.

Belə ki, məhz onun ikinci hissədə meydana buraxdığı seneqallı hücumçu Viktor Mendi 20 dəqiqəyə etdiyi dublla “Qəbələ”yə əzmkar, baş məşqçisinə Azərbaycanda ilk qələbə qazandırıb.

Son 3 mövsümün çempionu, ilk turda yeganə böyük hesablı qələbəni qazanan “Neftçi”də fərqlənənlərdə debütant olmasa da, Bahodir Nasimovun qolu yenə ilk olub. Məsələ ondadır ki, özbəkistanlı hücumçu 16 qolla bombardiri olduğu 2011/12 mövsümündə - “Rəvan”a “Dalğa Arena”da 1:0 hesabı ilə qalib gəldikləri oyunda da komandasının çempionatda ilk qolunun müəllifi olmuşdu.