Yığmamızdan daha bir antirekord
05.08.2013 - 11:59
Yığmamızdan daha bir antirekord
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, komandamız bir turnirdə buraxılan qolların sayında ən pis nəticəsini təkrarlayıb.

Avstriyaya 0:7 hesabı ilə uduzduqdan sonra millimiz Polşadan 5 cavabsız qol buraxıb. 2 matçda 12 dəfə topu qapısında görən Siyasət Əsgərovun yetirmələri 2 il əvvəlki uğursuzluğu təkrarlayıblar.

Lakin 2011-ci ildə yığmamız 12 topu 3 qarşılaşmada buraxmışdı. Həmin vaxt Ukraynaya 0:3, İspaniyaya 0:7 hesabı ilə uduzan millimiz Bosniya və Hersoqovinadan da xal ala bilməmişdi – 1:2.

Bu dəfə Polşadakı seçmə mərhələdə daha 1 oyunu qalan yığmamız Qazaxıstandan 1 top buraxmaqla təkrarladığı antirekordu yeniləmiş olacaq. Lakin ilk 2 görüşdə daha bərbad çıxış edən və qapısından ümumilikdə 19 cavabsız qol buraxan qazaxıstanlıların bunu bacaracağı o qədər də inandırıcı deyil.

Qeyd edək ki, yığmamızın Avstriyaya uduzması da ən böyük hesablı məğlubiyyət antirekordunun təkrarı idi. Komandamız seçmə mərhələlərində belə uduzmamışdı.