“Turan”ın sabiq futbolçusu itkin düşüb
05.08.2013 - 15:12
“Turan”ın sabiq futbolçusu itkin düşüb
Azərbaycandakı çıxışları ilə yaxşı tanıdığımız bolqarıstanlı futbolçu Asen Nikolov itkin düşüb. Apasport.az saytının məlumatına görə, “Turan”, “Bakı” və “Qəbələ”nin şərəfini qorumuş yarımmüdafiəçidən 2 aydır səs-soraq yoxdur.

Asenin böyük məbləğdə borcu olduğu üçün gizləndiyi iddia edilir. Futbolçunun Azərbaycan və ya Türkiyədə gizli həyat sürdüyü ehtimal olunur.

Bolqarıstanlı həmkarlarımızın yazdıqlarına görə, legioner həyatı ərzində yaxşı pullar qazanmasına baxmayaraq, Nikolov gecə həyatına aludəliyi səbəbindən çox pis vəziyyətə düşüb. Belə əməlləri üzündən həyat yoldaşını da boşayan futbolçu olan-qalan pulunu da yığışdıraraq, aradan “çıxıb”.

Bu arada, son iş yeri “Slaviya”nın futbol məktəbi olan Asenin Azərbaycanda qazandığı pulun məbləği də açıqlanıb. Həmkarlarımızın iddiasına görə, futbolçu Azərbaycandan nə az, nə çox - 1 milyon dollarla qayıdıb.

Qeyd edək ki, Nikolov Azərbaycana ilk dəfə türkiyəli çalışdırıcı Naci Şensoyun vaxtında “Turan”a gəlib.