Kamran Ağayevi məyus etdi, onunla komanda yoldaşı oldu
06.08.2013 - 10:04
Kamran Ağayevi məyus etdi, onunla komanda yoldaşı oldu
“Bakı”nın yeni transferi Elilton Arauju dos Santos azərbaycanlı futbolsevərlərə yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, Etto kimi tanınan 32 yaşlı braziliyalı sağ cinah müdafiəçisi “Xəzər Lənkəran”ın Çempionlar Liqasında debüt oyunlarının iştirakçılarından olub.

Bu, Zaqreb “Dinamo”sunun heyətində çıxış etdiyi zamanı olub. 2007-ci ilin iyulunda keçirilən matçların hər ikisində iştirak edən braziliyalı Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən oyunda fərqlənib. Belə ki, 58-ci dəqiqədə Sammirin əvəzinə meydana çıxan legioner 5 dəqiqə sonra tarazlığı bərpa edib. Maraqlıdır ki, həmin vaxt lənkəranlıların qapısını qoruyan Kamran Ağayev hazırda “Bakı”da çıxış etdiyindən, Etto ilə komanda yoldaşı oldu.

Braziliyalı Zaqrebdəki matçda isə əsas heyətdə meydana daxil olaraq, sona kimi oynayıb. 76-cı dəqiqədə sarı vərəqə alan futbolçu komandasının qələbəsində pay sahibi olub. Belə ki, cavab matçı da 1:1 hesabı ilə nəticələndiyindən, əlavə 30 dəqiqə təyin olunur. Bunda 2 qol vuran “Dinamo” 3:1 hesablı qələbə ilə növbəti mərhələyə çıxır.

Qeyd edək ki, 2005-ci ildən 2011-ci ilə kimi “Dinamo”da 107 oyunda 8 qol vuran Ettonun titulları da bu kluba bağlıdır. O, zaqreblilərlə 4 dəfə ölkə çempionluğu, 3 dəfə ölkə kuboku, 1 dəfə ölkə Superkubokunu qazanıb. 2011-ci ildən PAOK-da oynayan müdafiəçi 29 matçda oynayıb.