8-ci ölkə
07.08.2013 - 08:03
8-ci ölkə
Çempionlar Liqasının III təsnifat mərhələsini adlayan Qazaxıstanın “Şaxtyor” klubu avrokubokların qrup mərhələsində çıxış edəcəyini təmin edib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”yə qənim kəsilən Albaniya “Skenderbeu”sunu mübarizədən kənarlaşdıran Karaqanda təmsilçisi ən azı Avropa Liqasının qrupunda çıxış edəcək.

“Şaxtyor” Çempionlar Liqasının IV təsnifat mərhələsində qalib gələrsə elə bu turnirin, uduzarsa qitənin 2-ci dərəcəli klub turnirinin qrupunda qüvvəsini sınayacaq. Qazaxıstan futbolu tarixində ilk dəfə bu ölkənin klubu avrokubokların əsas mərhələsində çıxış edəcək.

“Şaxtyor”un uğuru sayəsində qrupa düşən postsovet məkanı ölkələrinin sayı artıb. Qazaxıstan bunu bacaran 8-ci ölkə kimi tarixə düşüb. Bunadək Rusiya, Ukrayna, Belarus, Moldova. Gürcüstan, Latviya və ötən il “Neftçi”nin timsalında Azərbaycan qrupda oynamaq sevincini yaşamışdı. UEFA-ya daxil olan keçmiş SSRİ-nin 11 ölkəsindən yalnız 3-ü – Litva, Estoniya və Ermənistan avrokubokların əsas mərhələsinə həsrətdir.