AZAL-da Belçika klubunun tarixinə düşmüş braziliyalı futbolçu – FOTO
07.08.2013 - 15:48
AZAL-da Belçika klubunun tarixinə düşmüş braziliyalı futbolçu – FOTO
AZAL-ın yolunu gözlədiyi braziliyalı oyunçu Bakıya gəlib. Apasport.az saytının sözügedən komandanın baş məşqçisi Vaqif Sadıqovdan aldığı məlumata görə, artıq tam adı Auqusto Alveş da Silva Neto olan futbolçu “təyyarəçilər”lə birgə məşqlərdə iştirak edir.

Ampluaca sağ cinah vingeri kimi, yəni hücum xəttinin sağında oynamağı bacaran Auqusto da Silva peşəkar karyerası boyunca Belçikada çıxış edib. 29 yaşlı futbolçu bu ölkədə “Berxem Sport”, “Harelbeke”, “Kappellen”, “Mexelen”, “Turnhut” və “Vasland-Beveren” klublarında çıxış edib.

Braziliyalı oyunçu 2011-ci ildən “Vasland-Beveren”də çıxış edirdi. Buna qədər aşağı dəstələrdə oynayan futbolçuya yalnız ötən mövsüm Belçikanın elitasında çıxış etmək müyəssər olub. Auqusto da Silva ilk turda “Brügge”yə 1:3 uduzduqları görüşdə komandasının elitada ilk qoluna imza atmaqla klub tarixinə adını yazdırıb. Sambaçı bir də 5-ci turda “Kortreyk”in qapısına yol tapıb. Bundan sonra bu futbolçu susqunluğa qapılıb. O, ötən mövsüm Beveren klubunda 20 oyuna çıxıb.

Qeyd edək ki, Auqusto da Silva AZAL-a baxışa gəlib.