Georgi Adamiya “Qarabağ”ı qrupda görür
07.08.2013 - 17:37
Georgi Adamiya “Qarabağ”ı qrupda görür
“Fikrimcə, “Qarabağ” “Gefle”ni keçə biləcək. Çünki o, yaxşı komandadır. Qurban Qurbanovun baş məşqçi postuna gəlişindən sonra həmişə yaxşı çıxış edib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Georgi Adamiya deyib.

2011-12-ci illərdə şərəfini qoruduğu Ağdam klubunun Avropa Liqasında şanslarını dəyərləndirən 32 yaşlı gürcü hücumçu İsveçin “Gefle” klubu ilə sabah səfərdə keçiriləcək matçda uğur qazanacağını düşünür: “Qarabağ” hər il artırır. Mən oynadığım vaxtda qrupa düşə bilmədilər. Ümid edirəm ki, bu il istəklərinə çatacaqlar”.

Adamiya digər keçmiş komandaları - “Neftçi” ilə “İnter”in Avropa miqyaslı turnirdə uğursuz çıxışına da münasibət bildirib: “Açığı, “Neftçi”yə daha çox ümid edirdim. Düşünürdüm ki, mərhələ keçəcəklər. Ancaq təəssüf ki, Albaniyanın “Skenderbeu” klubu ilə oyunda buna nail olmadı. “İnter” isə “Tromse”yə qarşı sona kimi mübarizə apardı. Mərhələ keçməyə şansı da vardı. Ancaq sonda nəsə çatışmadı və II təsnifat mərhələsində dayandı”.

Mehman SÜLEYMANOV