Portuqaliyadan başqa, rəqiblərimizin mövqeyi dəyişdi
08.08.2013 - 13:53
Portuqaliyadan başqa, rəqiblərimizin mövqeyi dəyişdi
FİFA-nın bu gün açıqladığı reytinq cədvəlinin “Top-10”unda dəyişiklik olmayıb. Apasport.az saytının məlumatına görə, ötən ay millilər oyun keçirmədiklərindən sıralamada ilk yerlərdə qərarlaşan komandalar arasında yerdəyişmə olmayıb. Belə ki, yenə İspaniya, Almaniya və Kolumbiya milləri ilk 3 sıraya başçılıq edir.

Seçmə mərhələdəki rəqiblərimizdən Portuqaliya 7-ci pillədə qalsa da, Rusiya 1 pillə irəliləyərək 16-ya qalxıb. Elə seçmə mərhələdə növbəti rəqimiz olacaq İsrail yığması da 1 pillə yüksəlib. Yəhudilər indi 63-cü sıradadır. Şimali İrlandiya millimiz kimi 2 pillə irəliləyib. Adalılar 109-cu pillədə qərarlaşıb. Qrupumuzun autsayderi sayılan Lüksemburq da 1 pillə irəliləyişə nail olub. “Cırtdanlar” hazırda 140-dadır.

Türkiyə yığması isə bu ay geriləyib. Belə ki, qardaş ölkənin komandası 1 pillə enərək 58-ci sıraya düşüb. Avqustun 14-də Bakıda yoldaşlıq oyununda üz-üzə gələcəyimiz Malta millisi də türklər kimi 1 pillə aşağı yuvarlanıb. Ada təmsilçisi hazırda 134-cü yerdədir.

Qeyd edək ki, milli komandamız FİFA-nın sıralamasında 2 pillə yüksələrək 115-ci sıraya qalxıb.