“İnter”in müdafiəçisi: Almeydaya zəng vurub, üzr istədim
08.08.2013 - 14:50
 “İnter”in müdafiəçisi: Almeydaya zəng vurub, üzr istədim
“Həmin epizodda mən topa gedirdim. Nəzərə alın ki, mən hətta qaydanı pozmadım. Mən məhz belə olduğuna görə çox təəssüflənirəm”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in müdafiəçisi Brüs Abdulay deyib.

31 yaşlı konqolu futbolçu “Qarabağ”la keçirilən matçda rəqibin yarımmüdafiəçisi Riçard Almeyda ilə havada toqquşmuş və nəticədə braziliyalı futbolçu ciddi xəsarət alaraq 72-ci dəqiqədə meydanı tərk etməli olmuşdu. Bundan sonra bəzi KİV-də afrikalı futbolçunun ünvanına bir sıra əsassız bəyanatlar səsləndirilmişdi.

Müdafiəçinin özü isə baş vermiş həmin epizodu klubunun rəsmi saytına belə şərh edib: “Mən ona zədə yetirmək istəmirdim. Sadəcə futbol belədir və heç bir futbolçu belə zədələrdən sığortalanmayıb. Mən özüm tez-tez belə zədələr alıram. Son matçlardan birində tam bir hissəni başısarıqlı oynamağa məcbur oldum. Riçard Almeyda meydanı tərk edən zaman ona yaxınlaşdım və vəziyyətilə maraqlandım. O dedi ki, vəziyyəti normaldır. Sonra mən ona zəng etdim və üzr istədim. O da cavab verdi ki, məndən inciməyib. Bizim aramızda hər hansı bir problem yoxdur”.