40&40: Finlandiyadan İsveçədək
09.08.2013 - 00:15
40&40: Finlandiyadan İsveçədək
Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə İsveçdəki oyunu “Qarabağ” üçün 2 yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təmsilçimiz avrokuboklarda 40-cı oyununu keçirib və 40-cı qolunu da vurub.

İlk matçını 1996-cı il avqustun 8-də Bakıda Finlandiya “MüPA”sına qarşı keçirən “Qarabağ” 17 il sonra elə həmin gündə digər Skandinaviya klubu ilə səfərdə 40-cı matçına çıxdı.

40 matçdan 4-nü Kuboklar kuboku, 4-nü İntertoto kubokunda keçirən “Qarabağ” əvvəllər UEFA kuboku adlanan Avropa Liqasında 32-ci qarşılaşmasını keçirib. Ağdam klubu avrokuboklardakı oyun sayında Azərbaycanda yalnız “Neftçi”dən geri qalır. Bakılılar avrokuboklarda 44 oyuna çıxıb.

Bu matçadək 39 qolu olan “Qarabağ”ın ilk qolunun müəllifi olan Çumbinyo avrokuboklarda yubiley topuna imza atdı. Bu göstəriciyə özünün 4-cü qolu ilə töhvə verən Reynaldo isə bu rəqəmi 41-ə çatdırdı.

Ağdamlılar ilk qolunu da Skandinaviyada vurub. 1996-cı il avqustun 22-də “MüPA”
Ilə cavab oyununda Bəxtiyar Musayev avrokuboklarda komandasının ilk topuna imza atmışdı.

Bu qələbə ilə qalibiyyət və məğlubiyyət arasındakı tarazlıq müsbət tərəfə dəyişdi. 40 oyunda 16 qələbəsi olan ağdamlılar 9 heç-heçə edib və 15 dəfə uduzub. Topların fərqində isə balans hələlik mənfidir - 41-61.