Namiq Yusifov: Bəziləri fikirləşir ki, biz Avroliqa oyunlarına...
09.08.2013 - 05:34
Namiq Yusifov: Bəziləri fikirləşir ki, biz Avroliqa oyunlarına...
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” İsveç təmsilçisi “Gefle”ni məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun futbolçusu Namiq Yusifov səfərdəki 2:0 hesablı qələbədən sonra açıqlama verib.

Yusifov oyunun çətin keçdiyini deyib: “Gözlədiyimiz kimi çətin oyun oldu. Yaxşı ki, ilk qolu biz vurduq, əks halda bizim üçün çətin olacaqdı. Hesab 1:0 olduqdan sonra oyuna nəzarət etməyə başladıq. Amma yenə də oyun ağır keçirdi. Rəqiblə hava toplarında mübarizə aparmaq çətin idi. Əlbəttə ki. “Qarabağ” daha təcrübəli komanda idi. Məhz ona görə də bu gün uğur qazanan tərəf biz olduq”.

O, növbəti mərhələdəki potensial rəqibləri haqqında da danışıb: “Pley-off mərhələsindəki rəqiblərin daha güclü olduğunu bilirik. Ancaq İngiltərə, İtaliya, Almaniya və İspaniya klubları ilə üz-üzə gəlmək istəmərik. Misal üçün, rus klubları ilə mübarizə aparmaq daha asan olar. “Rubin” və “Spartak”la pley-offda qarşılaşmağın əleyhinə deyilik”.

Yarımmüdafiəçi çempionat oyunlarının da vacibliyini qeyd edib: “Qarşında “Sumqayıt”la çempionat oyunumuz var. Bəziləri fikirləşir ki, biz Avroliqa oyunlarına görə, Premyer Liqadakı matçlara dırnaqarası baxırıq, amma bu belə deyil. Çempionatda xallar itirməməliyik. Sevindirici haldır ki, “İnter”lə oyunda yaxşı nəticə əldə etdik. İndi “Gefle” ilə oyunu unudub çempionata köklənməliyik”.