Azərbaycanda ilk dəfə “İnter”
09.08.2013 - 19:26
Azərbaycanda ilk dəfə “İnter”
“İnter”in U-12 futbol komandası “The children champion cup Lukoil” çempionatında iştirak edəcək. Apasport.az klub saytına istinadən xəbər verir ki, bu il ilk dəfə həmin turnirə Azərbaycan təmsilçisi qatılacaq.

Bunun üçün baş məşqçi Vaqif Hidayətovun komandası avqustun 12-də 16 futbolçu ilə turnirə yollanacaq. Həmin axşam isə turnirin püşkatma mərasimi baş tutacaq və 6 klub 2 qrupa bölünəcək. Yarış ayın 13-dən 16-na kimi davam edəcək.

"İnter"dən başqa Antalyadakı təsnifat turnirində Türkiyənin "Qalatasaray" və "Antalyaspor", Bolqarıstanın "Slaviya", Makedoniyanın "Vardar" və Gürcüstanın "Dinamo"(Tbilisi) komandaları mübarizə aparacaq.

Turnirin final mərhələsinə Antalyadakı yarışın bir qalibi yollanacaq. Türkiyədəki turnirdə öz qruplarında 2-ci və 3-cü yeri tutmuş komandalar isə təsəlliedici yerlər uğrunda mübarizə aparacaq.

Antalyadakı yarışın rəsmi şəxsi tanınmış türkiyəli futbolçu Rüştü Rəncbər olacaq.

Qeyd edək ki, “The children champion cup Lukoil” çempionatı 2002-ci ildən etibarən keçirilir.