“Qarabağ” - atalar üçdən deyib!
09.08.2013 - 23:00
“Qarabağ” - atalar üçdən deyib!
Sevinc və qürur – ikisi bir arada. Azarkeşlərin məhəbbətinə qarşılıq unudulmaz bayram hədiyyəsi. Ən xoş sözlərə layiqdi “Qarabağ”. Söhbət təkcə Sundsvallda əldə olunan zəfərdən getmir, Ağdam klubunun sərgilədiyi futbol daha önəmlidi. Etiraf edim ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivindən bu cür oyun gözləmirdim. “Gefle”yə qarşı oynayan komanda bizim tanıdığımız “Qarabağ” deyildi.

Razıyam, yeni transferlər heyətə uyğunlaşdıqca komanda oyundan-oyuna “artırır”. Ancaq məsələn, Namiq Yusifov və Maksim Medvedevin çıxışını izləyib, yaxşı mənada təəccüblənməmək mümkün deyil. Tam səmimi deyirəm, bu, yeni bir “Qarabağ”dı. İşğal altında olan bir bölgəni təmsil edən klub Qurbanovun rəhbərliyi altında bundan öncə də Avroliqanın pley-off mərhələsinədək irəliləmişdi. Ancaq nə “Tvente”nin, nə də Dortmund “Borussiya”sının yoluna daş qoyduğu komanda bu cür oyun sərgiləmirdi.

İndiki “Qarabağ”ı tam fərqli edən əsas amil legionerlərdi. Halbuki, bizim tanıdığımız Ağdam klubu yadellilərə bir o qədər də bel bağlamazdı, aldıqları da sıradan biriləri olardı. Ancaq bu gün Riçard Almeyda, Reynaldo, Corc Leroy, Çumbinyo kimi əcnəbilərin performansı göz oxşayır. Onların səviyyəsi isə bütövlükdə komandanın oyununa müsbət təsir göstərir.

Açığı, Əfran İsmayılov, Rauf Əliyev və Vaqif Cavadov “Qarabağ”ı tərk edəndə Qurbanovun da gec-tez postu ilə vidalaşacağını düşünürdüm. Çünki gənc çalışdırıcı əsasən yerli oyunçularla işləyən, əcnəbilərə soyuq yanaşan bir məşqçi imici formalaşdırmışdı. Ona görə də, yetişmələrində, inkişaflarında onun əməyi olan futbolçuların iş yerlərini dəyişmələri ilk baxışdan uğurlu gələcək vəd etmirdi. Amma zaman göstərrdi ki, problem Qurbanovun legionerlərlə işləyə bilməməsində deyilmiş.

Qurban bəy sadəcə, yerlilərin yolunu kəsməmək üçün yadellilərə meyl etməyib. İndiki komanda isə zərurətin bəhrəsidi. Qurbanov özümüzünkülərdən əli üzüldükdən sonra “gəmi”nin istiqamətini dəyişdi və yeni bir səhifə açdı. Qarşımızda istedadlı əcnəbilərlə əzmkar yerlilərin vəhdətindən ibarət yeni bir “Qarabağ” var. Tarix yazacağına inandığımız “Qarabağ”.

"Sevilya" (İspaniya), "Standard" (Belçika), "Ayntraxt" (Almaniya), "Zalsburq" (Avstriya) və "Nordselland" (Danimarka) – bu beş komandadan biri pley-offda “Qarabağ”a rəqib ola bilərdi. Hələ püşk atılmadan öncə bu kollektivləri gözdən keçirdən zaman istər-istəməz “Tvente” və “Borussiya” ilə oyunları xatırladım. Bilmirəm diqqət yetirmisiz ya yox, ancaq Ağdam klubu bu klublar üçün düşərli olmuşdu.

Belə ki, “Tvente” “Qarabağ”ı mübarizədən kənarlaşdırdığı 2009/10 mövsümündə tarixində ilk dəfə Hollandiya çempionu adını qazandı. “Borussiya” isə 8 illik fasilədən sonra, ağdamlıların Avroliqanın qrupuna düşməsinə imkan vermədiyi 2010/11 mövsümündə Bundesliqada zəfər çaldı.

İnanclara önəm verən biri olmasam da, öz-özümə dedim: kaş ki, “Qarabağ”a ölkəsində “qızıl” qazanacaq gücdə olmayan biri düşsün. Püşk atıldı, Ağdam klubunun bəxtinə “Ayntraxt” çıxdı. Ortabab bir Almaniya təmsilçisi. Düzdü, bu komanda evdə çox yaxşı oynayır, lakin keçilməz rəqib deyil.

Zəfərə inanaq, atalar üçdən deyib.
Uğurlar, “Qarabağ”!