23-cü duel
10.08.2013 - 15:10
23-cü duel
Topaz Premyer Liqasının II turunun mərkəzi oyununda “Qəbələ” “İnter”i qəbul edəcək. Apasport.az-ın məlumatına görə, paytaxt təmsilçisinin rəsmi internet saytı komandaların əvvəlki oyunları ilə bağlı yazı hazırlayıb.

Burada komandalar bir-biri ilə indiyədək keçirdiyi 22 oyun haqda statistik göstəricilər əksini tapıb. 20 oyun çempionat çərçivəsində keçirilib və 2 matç ölkə kuboku çərçivəsində baş tutub. “İnter” rəqibini 12 dəfə məğlub edə bilib, “Qəbələ” isə 4 qələbəyə malikdir. 22 oyunun 6-sı heç-heçə ilə başa çatıb. Vurulan topların fərqi “İnter”in xeyrinədir - 33:16.

Komanda O Q H M Toplar
“Qəbələ” 22 4 6 12 16-33
“İnter” 22 12 6 4 33-16

Komandalar ilk dəfə 2006-cı ilin avqust ayında çempionat çərçivəsində üz-üzə gəlib. “Qəbələ”nin meydanında baş tutmuş həmin görüş 0:0 hesabı ilə başa çatıb. “İnter” və “Qəbələ” qarşıdurmasında ilk qolun müəllifi bakılıların hücumçusu Danel Axtyamov olub.

Ötən mövsümdə komandalar bir-biri ilə 4 dəfə üz-üzə gəliblər. İlk oyunda “Qəbələ” 1:0 hesablı qələbəyə sevinib, lakin sonrakı 3 oyunda “İnter” rəqibinə şans verməyib - 2:1, 2:1 və 1:0. "İnter” - “Qəbələ” oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 22 görüşün 5-də qeydə alınıb. "İnter" - Qəbələ” qarşılaşmalarının tarixində ən böyükhesablı nəticə 5:0 hesabıdır. 2009-cu ildə Azərbaycan kuboku çərçivəsində keçirilmiş görüş paytaxt təmsilçisinin məhz bu hesablı qələbəsi ilə başa çatmışdı.

Azərbaycan çempionatında “Qəbələ”yə qarşı keçirilən səfər oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 10 qarşılaşmada komanda rəqibini 4 dəfə məğlub etməyi bacarıb, ev sahibi komandanın aktivində 3 qələbə var, qalan 3 matçda isə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda top fərqi də “İnter”in xeyrinədir - 8:7.

Qeyd edək ki, "Qəbələ" - “İnter” matçı avqustun 11-də keçiriləcək. Oyun saat 18.00-da başlayacaq.